Şokolad əhvalımızı yaxşılaşdırır, lakin stress zamanı zərərli ola bilər.
Foodinfo.az "Daily Mail"ə istinadən xəbər verir ki, şokoladın orqanizmə təsiri barədə diyetoloq Sara Brüer danışıb.
O bildirib ki, şokoladın tərkibində əhvalı yaxşılaşdırmağa kömək edən bir neçə maddə var.
Belə ki, feniletilamin, xoşbəxtlik, sakitlik və özünə inam hissi verir. Bundan əlavə, şokoladda serotoninə çevrilən və eyforiyanı artıran kimyəvi maddə triptofan, eləcə də gümrahlıq yaradan teobromin var.
Diyetoloqun sözlərinə görə, kimyəvi maddələr, dad və strukturu bizdə şokolada qarşı güclü həvəs yaradır. Stress zamanı bu istək daha da artır. Çünki təhlükəli və ya həyəcanlı vəziyyətdə orqanizmə əzələlərin və beynin işləməsi üçün əlavə enerji lazım olur. Bu səbəbdən artıq şəkər və yağ turşuları əmələ gələrək qana daxil olur. Orqanizm özünü təhlükəsizdə hiss etdikdə onların səviyyəsi sürətlə aşağı düşür, insanda zəiflik, aclıq, xüsusən də şirin və yağlı qidalara ehtiyac yaranır.
Mütəxəssis xəbərdarlıq edib ki, stressi şokoladla azaltmağa çalışarkən diyetoloqların “insulin yelləncəyi” adlandırdıqları tələyə düşmək riski var. Bu pozğunluq zamanı şəkərin kəskin yüksəlməsi və düşməsi epizodları daim bir-birini əvəz edir və insan müntəzəm olaraq həddindən artıq aclıq və gücsüzlük hiss edir. Bu "yelləncək"lərdən qaçmaq üçün Brüer ən azı 70 faiz kakao ehtiva edən tünd şokolad yeməyi tövsiyə edib.
Natəvan