Müasir dövrdə qidalanmada ən mühüm problemlərdən biri də sürətli hazırlanan və yarımfabrikat qidaların təhlükəsizlik tələblərinə riayət edilməməsidir. Yarımfabrikat şəklində qablaşdırılıb satışa çıxarılan məhsulların daşınma və saxlanma əsnasında qurumaması üçün müxtəlif qablaşdırma vasitələrindən istifadə olunur. Paketlənmiş hazır qidaların qablaşma materialının bir-birinə keyfiyyətsiz yapışdırıcılar vasitəsilə yapışdırılması insan orqanizmi üçün olduqca zərərli hesab olunur.

Foodinfo.az xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssis Seymur Qafarov bununla əlaqədar deyib: “Havanın temperatur göstəricisi isti olduqda hazırlanmış isti qidalar bir müddət sonra sürətli şəkildə soyuyur. Xüsusən açıq havada Günəş işığı altında saxlanan həmin qidalardan mümkün qədər az istifadə etmək lazımdır. Bu cür qidaları istifadə etmək məcburiyyəti yarandıqda onlar 65 dərəcə C temperatur göstəricisindən aşağı düşməmək şərtilə istehlak edilməlidir. Yay aylarında daha çox rahat hazırlana bilən və tərəvəz əsaslı qidalardan, qazsız su və kiçik salatlardan istifadə etmək tövsiyə olunur”.

Əvvəlcədən hazırlanmış və yarımfabrikat qidaların zərərlərindən danışarkən onu da demək lazımdır ki, belə yeməklərin kalorisi çox olur və buna görə də orqanizmi yağlandıraraq artıq çəki əmələ gəlməsinə səbəb olaraq xolestrolun miqdarını artırır. Düzgün şəkildə emal olunmamış və qablaşdırılmamış hazır qidalar qan-damar dövriyyəsi sistemini zəiflədir, qanda şəkərin miqdarının artmasına və öz növbəsində ciddi fəsadlara səbəb olur.

Diyetoloq Mehriban Muxtarova qeyd edib ki, paketdə olan qidalardan biri də günəbaxan bitkisinin tumlarıdır: “Onun təhlükəsi ilk növbədə tərkibində çoxlu miqdarda duz komponentinin mövcud olmasındadır. Bu isə orqanizmdə duz mübadiləsinin pozulması və şəkərli diabetə tutulma riski yaradır. Qablaşdırma prosesində falqa və yapışdırıcıdan istifadə olunur. Keyfiyyətsiz qablaşma materialları insan sağlamlığına qarşı təhdid törədir. Keyfiyyətsiz yapışdırıcılar isə isti hava axınına məruz qaldıqda buxarlanaraq həmin qida maddələrinin tərkibinə sirayət edir və nəticədə çarpaz çirklənməyə hadisəsi baş verir. Bu isə insan sağlamlığı üçün daha bir risk faktoru deməkdir”.

Mütəxəssislər deyirlər ki, yayda hazır qidalardan maksimum dərəcədə uzaq durmaq lazımdır. Şirələrin, qazlı içkilərin istifadəsi azaldılmalı, xüsusilə isti havalarda çoxlu miqdarda su qəbul olunmalıdır.

Bizi sosial şəbəkələrdə izləyin:

https://www.instagram.com/foodinfoaz/

https://www.facebook.com/foodinfo.az/

https://www.tiktok.com/@foodinfo.az