Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Belarus Respublikasının kənd təsərrüfatı nazirinin birinci müavini Aleksandr Lomskiyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov və səfirliyin əməkdaşları iştirak edib.

Foodinfo.az xəbər verir ki, görüş zamanı AQTA sədrinin müavinləri Balarəhim Quliyev və Zəkiyyə Mustafayeva Belarus nümayəndə heyətinə respublikamızda qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra iki ölkə arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə həyata keçirilən işlər nəzərdən keçirilib, müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Belarusda quş, quş əti, yumurta emal və istehsal edən qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyinin tanınması imkanları nəzərdən keçirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.