Dietoloq və terapevt Natalia Lazurenko albalının faydalı olsa da, həddindən artıq istifadəsinin mənfi təsirlər yarada biləcəyini bildirib. Foodinfo.az bildirir ki, ekspert bu barədə “Moskva 24” saytına açıqlamasında danışıb.

Onun sözlərinə görə, albalı tərkibindəki şəkər və üzvi turşular səbəbilə orqanizmə ikiqat təsir göstərir – həm çəki artımına səbəb ola bilər, həm də mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıra bilər.

Lazurenko xəbərdarlıq edib ki, albalının çox qəbul edilməsi bədənin karbohidrat yükünü idarə etməsini çətinləşdirir və nəticədə maddələr mübadiləsində pozuntuya səbəb ola bilər.

Mütəxəssis sağlam insanlar üçün albalı qəbulunun gündə maksimum 300 qramla məhdudlaşdırılmasını tövsiyə edib. Bu miqdardan artıq istifadə orqanizmin şəkərə qarşı müqavimətini azalda bilər.

Dietoloq onu da qeyd edib ki, albalını gün ərzində, xüsusilə səhər saatlarında yemək daha məqsədəuyğundur. Bu, qlükozanın yağ hüceyrələrində toplanmasının qarşısını almağa kömək edir.

Lazurenko vurğulayıb ki, meyvələrin faydalı olması onların limitsiz istifadəsi anlamına gəlmir və balanslı qidalanma əsas prinsip olmalıdır.