Dietoloq İrina Pisareva xarici ölkələrə səyahət zamanı qida rasionuna xüsusi diqqət yetirilməsini tövsiyə edir. Foodinfo.az bildirir ki, mütəxəssis bu barədə RT-yə açıqlamasında danışıb.

Pisarevanın sözlərinə görə, xüsusilə mədə-bağırsaq sistemi ilə bağlı problemi olan şəxslər həkim tərəfindən təyin edilmiş pəhrizə ciddi şəkildə əməl etməlidirlər. O bildirib ki, səyahət zamanı otel və ya onun restoranlarında qidalanmaq daha təhlükəsiz seçimdir.

Həkim qeyd edib ki, ekzotik ölkələrdə insanlar tanımadıqları və əvvəllər dadmadıqları meyvələrlə qarşılaşa bilərlər. Onun fikrincə, bu kimi meyvələri ya tamamilə yeməmək, ya da yalnız kiçik bir miqdarda sınamaq lazımdır.

Pisareva xəbərdarlıq edib ki, belə meyvələr allergik reaksiya verə bilər və nəticələri dərhal müşahidə oluna bilər. O, həmçinin çiy ətlər, böcəklər və insanın daha əvvəl yemədiyi dəniz məhsullarından uzaq durmağı məsləhət görüb.

Dietoloq əlavə edib ki, küçə satıcıları və əlcəksiz çalışan yemək məntəqələri infeksiya riski daşıdığı üçün onların xidmətlərindən istifadə etmək tövsiyə olunmur.

Pisareva səyahət zamanı mütləq şəkildə spazmolitiklər, ishal əleyhinə dərmanlar, enterosorbentlər və antibiotiklərin də daxil olduğu dərman dəsti götürməyi tövsiyə edib. Onun sözlərinə görə, bəzi dərmanları başqa ölkədə əldə etmək çətin ola bilər.