Arı sancdıqda nə etmək lazımdır?
Foodinfo.az xəbər verir ki, bu barədə həkim-terapevt Rimma Popova danışıb.
O vurğulayıb ki, eşşəkarısı bir neçə dəfə sanca bilər, arı isə yalnız bir dəfə sancır, iynəsini də dəridə qoyub ölür.
İynəsini dəridən tez və ehtiyatla çıxarmaq vacibdir. Nə qədər çox qalsa, bir o qədər çox zəhər ifraz olunur, ağrı və şişkinliyə səbəb olur. Zəhər kisəsinə zərər verməmək üçün sancılan nahiyəyə kredit kartı və ya cuna çəkməklə iynəni çıxarmaq olar. Onu barmaqlarınızla və ya maqqaş ilə dartıb çıxartmağa çalışmayın, çünki bu, vəziyyəti daha da pisləşdirə bilər.
İynəni çıxartdıqdan sonra dəri nahiyəsini sabun və su ilə yumaq, soyuq kompres qoymaq və reseptsiz ağrıkəsici qəbul etmək məsləhət görülür. Qaşınma və ya şişkinlik yaransa, antihistamin dərman qəbul edə bilərsiniz. Sancılan yeri cızmamaq vacibdir, çünki bu, infeksiyaya səbəb ola bilər. Əgər zəiflik, solğunluq, başgicəllənmə, dodaqların, dilin, üzün şişməsi və ya nəfəs darlığı kimi allergik reaksiya əlamətləri görsəniz, dərhal təcili tibbi yardım çağırın.
Leyla