Motivasiyanın olmaması arıqlayarkən ən çox görülən problemlərdəndir. Bir çoxları istədikləri rəqəmə qədər arıqlamağa çalışır, lakin daimi qida məhdudiyyətləri və çoxsaylı məşqlər səbəbindən davam etmək istəklərini itirirlər. Pəhriz zamanı motivasiyanı necə saxlamaq olar? 

Foodinfo.az Rusiyanın "Grow Food" çatdırılma xidmətinin diyetoloqu Yelena Sviridovanın bununla bağlı məsləhətlərini təqdim edir.

1. Müsbətə köklənin

Arıqlama prosesində diyetoloq qida məhdudiyyətləri və ya gündəlik idman məşğələləri ilə bağlı narahatlıq əvəzinə, məqsədə köklənməyi məsləhət görür. Həkim artıq çəki ilə mübarizədə müsbət əhval-ruhiyyənin çox vacib olduğunu vurğulayır.

"Özünüzdən soruşun: "Mən niyə belə edirəm?" Son nəticəni təsəvvür edin: incə və gözəl bədəniniz. Bu obrazı ən xırda detallarına qədər düşünmək vacibdir. Hansı paltarı geyinə bilərsiniz? Tanışlarınız sizə necə baxacaq? Güzgüdə özünüzə baxdığınızda nə hiss edəcəksiniz? Mükəmməl şəkil haqqında xəyal etmək üçün özünüzə vaxt verin və bu obrazı beyninizdə saxlayın", - deyə diyetoloq tövsiyə edir.

2. Özünüzə dəstək qrupu tapın


Arıqlamağa təklikdə çalışsanız, bu məqsədinizdən əl çəkmək asan olacaq, lakin bunu qrupla etdikdə idman zalına getmək, yaxud pəhriz saxlamaq çətin gəlməyəcək. Məsələn, dostlarınızı səhər birlikdə qaçmağa dəvət edə, həyat yoldaşınızdan az yağlı yeməklər bişirməyi xahiş edə, yaxud uşaqlarınız və ya valideynlərinizlə yoqa ilə məşğul ola bilərsiniz.

3. Müvəffəqiyyət əldə etdikdə özünüzü tərifləyin

Ən kiçik nailiyyətlərə görə də özünüzü tərif edib mükafatlandırmağı unutmayın. Bir kiloqram arıqladınız? Çox yaxşı! Beş kiloqram? Əla! Dözümünüzə və əzmkarlığınıza görə özünüzə maddi hədiyyələrlə təşəkkür edin. Məsələn, yeni paltar ala və ya maraqlı tədbirə gedə bilərsiniz. Əsas odur ki, qadağan olunmuş qidaları yeməyəsiniz.


4. Yüklənməyinizə nəzarət edin


Güclü məşq, əlbəttə ki, yaxşıdır, lakin məhdud həcmdə. Özünüzü həddən artıq yükləməmək, həm də bədəninizin "səs"inə qulaq asmaq vacibdir. Bacardığınız qədər məşq edin. Unutmayın ki, həddindən artıq yük sizi ideal bədənə çatdırmayacaq, əksinə, arıqlamaq həvəsinizi öldürəcək.

5. Arıqlamaq prosesinə maraqla yanaşın

Hətta sağlam həyat tərzi sürərkən belə, sizə gözəl əlhav-ruhiyyə bəxş edən işlərlə məşğul olun. Məsələn, fitnes zalında məşq edərkən gözəl geyim geyinin və ya səhərlər  qulaqcıqla sevdiyiniz musiqini dinləyərək qaçın, sevdiyiniz yeməkləri bişirin və zərərli maddələr qatmadan dadlı şirniyyatlarla da özünüzü sevindirin. Bunlar sizin əhvalınızı yaxşılaşdırmaqla yanaşı, arıqlamağa davam etmək üçün movivasiya verəcək.

Yeri gəlmişkən, hətta qabların rəngi də arıqlamağa kömək edə bilər! Alimlər rəngin beynə təsir etdiyini, insanda müəyyən emosiyalar və assosiasiyalar yaratdığını çoxdan kəşf ediblər: bəzi çalarlar sakitləşdirir, digərləri isə gümrah edir. Bu, iştaha da təsir edir: bəziləri artırır, bəziləri azaldır.

Natəvan