Orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması nəticəsində yaranan ödəm və şişkinlik bir sıra ciddi xəstəliklərin əlaməti ola bilər.

Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Terapiya və Profilaktik Təbabət üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin direktoru Olqa Drapkina xəbərdarlıq edib.

Belə ki, ilk növbədə, şişkinlik böyrək xəstəliyinin göstəricisi ola bilər. Belə ödəm üzdə, gözlərin altında, qollarda, ayaqlarda tez və adətən səhər saatlarında əmələ gəlir. Ödəmə barmaq ilə basdıqda çuxur qalır.

Ürək ödəmi yavaş-yavaş əmələ gəlir. Axşam saatlarında ayaqlarda və topuqlarda görünən şişkinlik, xəstəlik irəlilədikcə, omba və aşağı qarın bölgəsinə qədər yüksəlir. Bu şişkinliklər bərkdir və bədənin digər hissələrinə nisbətən daha soyuqdur.

Hamilə qadınlarda ağırlaşma baş verdikdə, yəni preeklampsiya zamanı da ödəm yarana bilər. Qəfil və ağır şişkinliklər xəstəxanaya yerləşdirmə və təcili tibbi yardım tələb edir. Eyni zamanda, qolların və ayaqların yüngül şişməsi hamiləliyin ikinci yarısında normal ola bilər.

Qaraciyər xəstəliklərində ayaq, baldır və budlar şişə bilər. Bundan əlavə, qarın boşluğunda maye yığılır. Venoz ödəm sıxdır və adətən ayağa keçmədən, baldır nahiyəsində əmələ gəlir. Tromboflebit (içərisində qan laxtasının meydana gəlməsi ilə müşahidə olunan damar iltihabı) zamanı şişkinlik isti, ağrılı olur, dəri qızartısı ilə müşayiət olunur.

Limfa ödəmi (limfostaz, "fil xəstəliyi") bədxassəli şişləri aradan qaldırmaq üçün edilən əməliyyatların, bəzən isə filyariya parazitinə yoluxmanın nəticəsidir. Belə ödəm sıx və qalıcıdır. Zamanla onların həcmi artır, üzərindəki dəri qalın, sərt və qeyri-hamar olur.

Üzdə, əllərdə və ayaqlarda sıx şişkinlik qalxanabənzər vəzin funksiyasının zıifləməsi - hipotireoz üçün xarakterikdir.

Bundan əlavə, ödəm tez-tez yayda öz-özünə də yarana bilir. İstilik, maye çatışmazlığı və həddindən artıq alkoqol, duzlu və şirin qidalar, qadınlarda isə təbii hormonal dalğalanmalar buna səbəb ola bilər. Xoşbəxtlikdən, belə şişkinliyi aradann qaldırmaq asandır: bunun üçün rahat ayaqqabı geyinmək, duzlu və şirin qidalardan az yemək, kifayət qədər su içmək lazımdır.

Ödəm yalnız bir simptomdur və şişkinliyə səbəb ola biləcək xəstəliklər tamamilə fərqli üsullarla müalicə olunur. Buna görə də, qida rsionunu dəyişdikdən və ya istirahət etdikdən sonra şişkinlik getmirsə, dərhal həkimə müraciət etməlisiniz.

Natəvan