Gecə yuxudan tez-tez oyanmaq bir çox insanın qarşılaşdığı problemdir və bu, hər zaman xarici amillərlə bağlı olmur. Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, somnoloq Pavel Kudinov gecə oyanmalarının üç əsas gizli səbəbini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, ilk səbəblərdən biri depressiyadır. Bu vəziyyət yuxunun davamlılığını pozur və insan gecə oyandıqdan sonra yenidən yuxuya getməkdə çətinlik çəkir. Bəzən gecə oyanmaları depressiyanın ilk və yeganə əlaməti kimi də ortaya çıxa bilər.

İkinci səbəb isə təşviş pozuntuları ilə bağlıdır. Bu halda insanın yuxuya getməsi çətinləşə bilər, lakin gecə oyandıqda o, adətən yenidən asanlıqla yuxuya gedə bilir. Bu xüsusiyyət təşviş və depressiya arasındakı əsas fərqlərdən biri hesab olunur.

Həkim üçüncü və ən ciddi səbəb kimi yuxu apnoesini göstərir. Bu zaman insan yuxu zamanı qısa müddətli nəfəs dayanması yaşayır və tez-tez boğulma hissi ilə oyanır. Bəzi hallarda gecə tez-tez sidiyə getmək ehtiyacı da bu problemin əlaməti ola bilər. Mütəxəssis vurğulayır ki, apnoe ciddi fəsadlara, o cümlədən infarkt və insult riskinin artmasına səbəb ola bilər, buna görə də belə hallarda mütləq həkimə müraciət etmək lazımdır.