Mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün saxlanılmayan kartof sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər. Foodinfo.az xəbər verir ki, RUSBİOTEX-in baytarlıq-sanitariya ekspertizası və bioloji təhlükəsizlik kafedrasının dosenti Polina Kulaç yaşıl kartofun güclü zəhərlənməyə yol aça biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, kartof uzun müddət işıq altında qaldıqda tərkibində solanin adlı zəhərli maddə əmələ gəlir və bu maddənin miqdarı zamanla artır. Mütəxəssis bildirib ki, insan bədəninin hər kiloqramına iki-beş milliqram solanin düşdükdə zəhərlənmə riski yaranır. Bu maddə sinir sistemi, mədə-bağırsaq və digər orqanlara mənfi təsir göstərir.

Kulaç əlavə edib ki, solanin orqanizmə düşdükdə başgicəllənmə, ürəkbulanma, qusma, qarın ağrısı və hətta huş itkisi kimi simptomlara səbəb ola bilər. Bu səbəbdən belə kartofun istehlakı xüsusilə uşaqlar və yaşlı insanlar üçün daha təhlükəlidir.

Mütəxəssis vurğulayıb ki, risklərin qarşısını almaq üçün kartofu qaranlıq, sərin və havalandırılan şəraitdə saxlamaq lazımdır. Əgər kartofun üzərində yüngül yaşıl ləkələr əmələ gəlibsə, həmin hissələr qabığı ilə birlikdə və bir-iki santimetr dərinliyində kəsilərək təmizlənməlidir.

O qeyd edib ki, güclü şəkildə yaşıl rəng almış kartofun isə qida kimi istifadəsi qətiyyən məsləhət görülmür. Belə məhsul yalnız əkin materialı kimi istifadə oluna bilər.

Mütəxəssis bir daha xatırladıb ki, kartof gündəlik qidalanmanın əsas məhsullarından biri olsa da, onun düzgün saxlanılmaması insan sağlamlığı üçün ciddi təhlükələr yarada bilər. Buna görə də hər bir ailə kartofun saxlama qaydalarına diqqət yetirməlidir.