
Müasir tədqiqatlar göstərir ki, stress yalnız psixoloji vəziyyətə deyil, həm də insanın qidalanma vərdişlərinə ciddi təsir edir. Foodinfo.az xəbər verir ki, amerikalı alimlərin apardığı araşdırmalarda stressin bağırsaq və beyin arasındakı əlaqəni zəiflətməsi müəyyən olunub. Bu pozuntu nəticəsində insanlarda yüksək kalorili yeməklərə meyl artır, həddindən artıq yemək və piylənmə riski yüksəlir.
Mütəxəssislər bu sistemi “beyin–bağırsaq–mikrobiota oxu” adlandırırlar. Normal halda bu mexanizm qida qəbulunu, maddələr mübadiləsini, əhval-ruhiyyəni və hətta idrak qabiliyyətlərini tənzimləyir. Lakin davamlı stress, sosial gərginlik, keyfiyyətli tibbi xidmət və təhsilə çıxışın məhdudluğu bu tarazlığı poza bilər.
Alimlərin sözlərinə görə, stress zamanı beyindən bağırsağa ötürülən siqnallar pozulur və nəticədə insanın iştahı dəyişir. Belə hallarda orqanizm sürətli enerji mənbəyi axtarır və bu, şirniyyat və yağlı yeməklərə güclü həvəs yaradır.
Tədqiqatlar göstərir ki, beyin–bağırsaq əlaqəsi pozulan şəxslərin üçdə birində qida ilə bağlı davranış pozuntuları aşkarlanır. Onlar yeməyə marağı itirir, həddindən artıq seçici olur və ya qidanın narahatlıq yaradacağından qorxurlar. Bu vəziyyət insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.
Dietoloq Darya Rusakovanın sözlərinə görə, stress zamanı böyrəküstü vəzilərin ifraz etdiyi kortizol bağırsaq selikli qişasına mənfi təsir göstərir, pH balansını dəyişir və faydalı bakteriyaların – laktobakteriya və bifidobakteriyaların azalmasına səbəb olur. Nəticədə patogenlər çoxalır, serotonin istehsalı azalır və bu da insanlarda narahatlıq, gərginlik və şirniyyata meyl yaradır.
Digər mütəxəssis, qastroenteroloq İrina Berejnaya isə bildirib ki, bağırsaq mikrobiotası maddələr mübadiləsini idarə edir və orqanizmin şəkər və yağlara reaksiyasını tənzimləyir. Xroniki stress zamanı orqanizm enerji ehtiyatlarını sürətlə istifadə etdiyi üçün təcili enerji mənbəyi – qlükoza tələb olunur. Bu isə şirniyyat və yağlı qidalara olan iştahanı artırır.
Mütəxəssislər vəziyyəti korreksiya etmək üçün ilk növbədə həkim-dietoloqa müraciət etməyi, mikrobiota vəziyyətini analizlərlə yoxlamağı və balanslaşdırılmış qidalanma planı qurmağı məsləhət görürlər. Onların fikrincə, lazım gəldikdə sınaqdan keçmiş probiotiklərin istifadəsi də faydalıdır.
Bundan əlavə, stress zamanı şirniyyat əvəzinə tərəvəz, toyuq filesi və ya azyağlı süd məhsulları qəbul etmək, porsiyaları və yeməklər arasındakı intervalları nəzarətdə saxlamaq tövsiyə olunur. Çünki artıq çəkisi olan şəxslərdə toxluq hissi gec formalaşır və bu da həddindən artıq yeməyə səbəb ola bilər.
Beləliklə, alimlər hesab edirlər ki, stressin idarə olunması, mikrobiotanın qorunması və sağlam qidalanma prinsiplərinə əməl olunması yalnız psixoloji vəziyyəti yaxşılaşdırmır, həm də piylənmənin və həzm pozuntularının qarşısını almaqda mühüm rol oynayır.