Astarada kütləvi zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Foodinfo.az xəbər verir ki, məlumatda deyilir:

“Astara rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb. Araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Belə ki, Astara rayon sakinlərinin sentyabrın 3-ü Astara rayonu Motlayataq kəndində Heydərli Samir Firdovsi oğluna məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün öncədən ev şəraitində hazırlanan qidalardan qəbul etdikləri məlum olub. 

Məclisdə istehlaka təqdim edilən ev şəraitində bişmiş qidalardan nümunələr götürülərək, laborator analizlərə cəlb edilib.

Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir. Eyni zamanda, istehlakçılar arasında çaşqınlıq və narahatlıq yaranmaması üçün yalnız rəsmi qurumlar tərəfindən təqdim olunan, dəqiqləşdirilmiş məlumatlara istinad edilməlidir”.