Vətəndaşların təhlükəsiz qida məhsulları ilə təmin olunması, istehlakçıların hüquqlarının müdafiəsi, kütləvi tədbirlər zamanı qidalanmanın təşkili, həmçinin COP29 ərəfəsində ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin normalara uyğun həyata keçirilməsinə diqqətin daha da artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq şirkətləri və otellərin əməkdaşları üçün maarifləndirici təlim keçirilib.
Foodinfo.az xəbər verir ki, təlim zamanı iştirakçılara qidalanmanın təşkili zamanı təhlükəsiz xidmətlərin göstərilməsinin təmin edilməsi üçün həyata keçirilməsi zəruri olan işlər barədə ətraflı məlumat verilib. Həmçinin onlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də qida blokunda çirklənmə riskini yaradan amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib. Bildirilb ki, müəssisədə sanitar-gigiyenik normalar gözlənilməli, iş prosesini əhatə edən bloklar təmiz və texniki işlək vəziyyətdə saxlanılmalıdır.
Təlimdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. AQTİ tərəfindən bundan sonra da bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşlarına metodiki köməkliklərin göstərilməsi nəzərdə tutulur.