Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı xidmət göstərəcək otel və mehmanxana əməkdaşları üçün təlimlər keçirir. 

Foodinfo.az xəbər verir ki, "Qida təhlükəsizliyi" mövzusunda təlimlər COP29-a hazırlıqla əlaqədar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilən maarifləndirici tədbirlər çərçivəsində keçirilir. 

İştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanundan irəli gələn tələblər, həmçinin tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsinin təmin olunması ilə bağlı ətraflı məlumat verilir. Onlar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri, qida məhsulları ilə təmasda olan bütün alət və avadanlıqların təmiz saxlanılması və dezinfeksiya edilməsi, şəxsi gigiyena qaydaları və digər məsələlər barədə məlumatlandırılır. Eyni zamanda mövzu ilə bağlı müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır.