Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.

Foodinfo.az xəbər verir ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən növbəti təlim “Milla Dairy” süd emalı müəssisəsində “Təmizlik və dezinfeksiya tədbirləri” mövzusunda təşkil olunub. 

İki gün davam edən təlimdə iştirakçılara qida emalı müəssisələrində təmizlik və dezinfeksiyanın əsas prinsipləri və prosedurları haqqında ətraflı məlumat verilib. Qapalı istehsal sistemlərində istifadə olunan CIP (cleaning in place) - yerində təmizlik sistemləri barədə elmi və praktiki biliklər onların nəzərinə çatdırılıb. Təmizlik planının hazırlanması, istifadə edilən kimyəvi təmizləyici maddələrin xüsusiyyətlərinin təhlil olunması və aparılan əməliyyatların verifikasiyasının aparılması metodları haqqında iştirakçılar məlumatlandırılıb. 

Qeyd edək ki, AQTİ tərəfindən “Təmizlik və dezinfeksiya tədbirləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.