Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) təhsilə dəstəklə bağlı töhfəsini iki istiqamət üzrə (ali təhsilə qədər və ali təhsil müddətində) uğurla davam etdirir.
Bu səpkidə Qrup şirkətləri birinci istiqamət üzrə, növbəti dəfə “Gələcəyini Qur” layihəsinə qoşulub.
Qeyd edək ki, layihə 2014-cü ildən etibarən Elm və Təhsil Nazirliyinin dəstəyi və müxtəlif şirkətlərin korporativ sosial məsuliyyət siyasətləri çərçivəsində həyata keçirilir. Bu günə qədər layihədən 1500-ə yaxın gənc və onların ailələri faydalanıb.
Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.
Layihə çərçivəsində fəaliyyətlər aşağıdakı istiqamətlərdə aparılır:
-Ali məktəblərə intensiv hazırlıq
-Psixoloji dəstək
-Gənclərin inkişafına yönəlmiş tədbirlər
-Mentor dəstəyi
-İxtisas seçimi və digər işlər
Qrupun sponsorluğu ilə təhsilə dəstəklə bağlı ikinci istiqamət üzrə də uğurlu nəticələr əldə olunub. Belə ki, bu il ali təhsil müəsissələrinə hazırlaşan 16 abituriyentin hər biri tələbə adını qazanıb. Hazırda isə Qrup şirkətlərinin dəstəyi ilə 43 abituriyentin hazırlıq prosesi uğurla davam edir. “Gələcəyini Qur” layihəsi çərçivəsində bu günə qədər Qrup şirkətləri 92 gəncin ali təhsil almasına şərait yaradıb. Şirkətlər Qrupu bu layihəni növbəti illərdə də davam etməyi hədəfləyir.
Veysəloğlu Şirkətlər Qrupu təhsilə dəstəyini şirkət daxilində də uğurla davam etdirir. Hər il olduğu kimi, Qrup şirkətləri 2023-2024-cü tədris ilində də bənzər ənənəni davam etdirir. Qrup bu il ali məktəblərə daxil olan 101 əməkdaşının övladlarına təqaüd ayırıb. Şirkətlər Qrupu bu korporativ sosial məsuliyyət fəaliyyətini növbəti dərs ilində də genişləndirərək davam etdirməyi planlayır.
Hazırda Şirkətlər Qrupunun ali təhsilə dəstəklə bağlı layihələrindən 150 şəxs faydalanır.
30 il yubleyini qeyd etməyə hazırlaşan Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən və vergi ödəyicilərindən biridir. Gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Şirkətlər Qrupuna distribusiya, istehsalat və pərakəndə mağazaçılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir.