Bir çox evdə yumurtalar soyuducunun qapısındakı xüsusi bölmədə saxlanılır. Foodinfo.az bildirir ki, xarici qida təhlükəsizliyi mütəxəssisləri bu vərdişin düşündüyü qədər təhlükəsiz olmadığını açıqlayıblar. Alimlərin sözlərinə görə, soyuducunun qapısı temperatur dəyişikliklərinin ən çox baş verdiyi hissələrdən biridir. Qapı tez-tez açılıb bağlandığı üçün burada sabit soyuqluq qorunmur. Bu isə yumurtaların keyfiyyətinə və təhlükəsizliyinə təsir göstərə bilər.
ABŞ-ın Qida Təhlükəsizliyi və Təftiş Xidmətinin mütəxəssisi Meredith Carothers bildirib ki, yumurtalar temperatur dəyişikliklərinə qarşı həssas məhsullar hesab olunur. Onun sözlərinə görə, tez-tez dəyişən temperatur bakteriyaların çoxalma riskini artıra bilər. “Food Safety News” portalında yayımlanan məlumatda qeyd edilir ki, xüsusilə salmonella riski səbəbindən yumurtaların düzgün saxlanması vacib sayılır. Mütəxəssislər yumurtaların soyuducunun orta hissəsində, sabit temperatur olan rəflərdə saxlanmasını tövsiyə edirlər.
Araşdırmalarda yumurtaların öz karton qablaşdırmasında saxlanmasının daha faydalı olduğu da vurğulanır. Almaniyanın qida gigiyenası üzrə eksperti professor Martin Smollich bildirib ki, karton qab yumurtanı həm qoxulardan, həm də nəmdən müəyyən qədər qoruyur. O qeyd edib ki, yumurtanın qabığında görünməyən məsamələr olur və məhsul ətraf mühitin təsirinə məruz qala bilir. Bu səbəbdən yumurtaların açıq şəkildə saxlanılması düzgün hesab edilmir.
Mütəxəssislər yumurtaların istifadədən əvvəl yuyulmasını da məsləhət görmürlər. Çünki yuma zamanı qoruyucu təbəqə zədələnə və bakteriyaların daxil olma riski arta bilər. İngiltərənin qidalanma üzrə eksperti doktor Clare Pettinger bildirib ki, yumurtanı yalnız istifadə etməzdən əvvəl qısa şəkildə təmizləmək kifayətdir. Həkimlər çatlamış yumurtaların istifadəsindən uzaq durmağı da tövsiyə edirlər.
Araşdırmalara görə, düzgün saxlanma üsulu məhsulun həm təhlükəsizliyini, həm də təravətini qorumaqda mühüm rol oynayır. Dietoloqlar yumurtanın yüksək zülal mənbəyi olduğunu, lakin təhlükəsizlik qaydalarının mütləq nəzərə alınmalı olduğunu bildirirlər. Xarici ekspertlər hesab edirlər ki, gündəlik mətbəx vərdişlərində edilən kiçik dəyişikliklər qida zəhərlənməsi riskini azaltmağa kömək edə bilər.






