“Veysəloğlu” şirkətlər qrupunun biznesə dəstək üzrə baş direktoru İlqar Nurinin verdiyi məlumata görə, bunların əksəriyyəti MDB ölkələridir.
Şirkətlər qrupunun xarici ölkələrdən yalnız Gürcüstanda öz bölməsi fəaliyyət göstərir. Bu, 2011-ci ildə Gürcüstanda fəaliyyətə başlayan “Veyseloglu Georgia” şirkətidir. İ.Nurinin dediyinə görə, bu şirkəti yaratmaqda əsas məqsədləri Gürcüstanda satışı və məhsulların daha çox şəbəkəyə paylanmasını həyata keçirmək olub: “Sevindirici haldır ki, bu gün orada dükanlara girəndə biz öz məhsullarımızı görürük. Biznesin əsas məqsədi genişlənmək və böyüməkdir. Bu böyümək də həm daxili bazarda baş verir, həm də xarici bazara çıxmaqla o bazardakı potensialdan istifadə etməklə yaranır”.
Baş direktorun sözlərinə görə, “Ulduz” şokolad fabrikinin məhsullarının satışı xaricdə uğurla həyata keçirilir. Hazırda fabrikin istehsal etdiyi məhsulların təxminən 20 faizə qədəri ixrac olunur, 80 faizi isə daxili bazarda satılır: “Biz yerli istehsalı artırmaqla idxalı da azaltmış oluruq. Bu, ölkədən valyuta çıxışını da azaltmış olur. İxracı artırmaqla da bağlı bizim öz missiyalarımız var. Bununla bağlı bir çox sərgilərdə iştirak edirik, eyni zamanda “AZPROMO”nun yaratdığı imkanlardan istifadə edirik”.
Şirkət istehsal gücünü daha da artırmaq istiqamətində də çalışır: “Bu yaxınlarda yeni avadanlıqlar gətirmişik, yeni istehsal xətti açacağıq. İstehsal gücümüzün artması bizim qısa zamanda ixracat potensialımızı artıracaq, həm də daxili bazarda genişlənərək idxal olunan məhsulların payının aşağı düşməsi ilə nəticələnəcək”.
Şokolad istehsalından əlavə şirkətin həm də karamel istehsalı xətti var. İ.Nuri deyir ki, bu sahədə hələ ki, perspektivlər çoxdur: “ Nəzərə alsaq ki, qənnadı sahəsində idxal faizi hələ də çox böyük olaraq qalır, ona görə də iş adamları bu sektora böyük inam bəsləyirlər”.
Onu da qeyd edək ki, qənnadı məmulatlarının təxminən 40 faizə qədəri ölkə daxilində istehsal olunur. Qalan tələbat idxal hesabına təmin edilir. Buna görə də hələ ki, “Veysəloğlu”nun başqa istehsal sahələrinə yatırım etməsi gözlənilmir: “Qənnadı istehsalında genişlənmək üçün potensial böyükdür. Ona görə də diqqətimizi bu sahəyə yönəldirik”. (“Yeni Müsavat”)