Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi üzrə növbəti təcrübə mübadiləsi “Şərab istehsalında müasir texnologiya və dünya standartlarının tətbiqi və nəticələri" mövzusunda həyata keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sahibkarlıq subyektləri üçün Şamaxı rayonunda yerləşən “Şirvan şərabları” zavoduna infotur təşkil edilib.
İnfotur zamanı əvvəlcə şərab istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından SOVQAT layihəsinin mühüm rol oynadığı qeyd olunub. Eyni zamanda, şərab məhsullarının istehsalının və ixracının artırılması imkanları müzakirə edilib.
Görüşdən sonra “Şirvan şərabları” zavodunda şərab istehsalı prosesi və laboratoriya ilə tanışlıq olub, həmçinin şərabçılıq məhsulları dequstasiyadan keçirilib. İştirakçılara yeni istehsal metodları və qabaqcıl istehsalat təcrübələri barədə məlumat verilib.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.