Bu gün bazarlarda geni dəyişdirilmiş (GMO) təhlükəli məhsulların satışı artıb. Satılan meyvə-tərəvəzin böyük əksəriyyəti orqanizmə zərərli olan maddələrin köməyi ilə yetişdirilir. Satılan çiyələyin, alçanın, badımcanın, pomidorun tərkibində olan zərərli maddələrin miqdarının normadan iki dəfə artıq olduğu bildirilir. Həmin məhsulları hər birimiz alıb yeyirik. Amma bu çox ziyanlıdır. Bu da insanlar üçün əsl kabusa çevrilib.
Əvvəllər el dilində “nübar” deyilən bir söz vardı. Yəni meyvə hansı fəsildə yetişirdisə, o fəsildə də yeyilirdi. Bu məhsullar həm sağlamlıq, həm də bol vitamin mənbəyi baxımından insan orqanizmi üçün çox faydalı hesab olunurdu. Çünki geni dəyişdirilmədiyi üçün vacib qida məhsulu sayılırdı. Hazırda bunu söyləmək olduqca çətindir. Bazarlarda olan meyvə məhsullarından tutmuş, digər qida vasitələrinə kimi, demək olar ki, 90 faizi geni dəyişdirilmiş məhsullardır. İndi rahatlıqla qışda bütün meyvələri, hətta yemiş, qarpız da dada bilirik. Amma faktiki olaraq bu məhsullar süni modifikasiyaya uğramış məhsullardır.
Son vaxtlar ölkənin tanınmış pediatrları və iqtisadçıları iddia edir ki, bazarlarda istər yerli, istərsə də xaricdən idxal olunan məhsulların keyfiyyəti xeyli aşağı düşüb. Hətta yerli istehsalın yox dərəcəsində olduğunu iddia edənlər də var. Mövsümə uyğun olaraq xarici ölkələrdən idxal olunan meyvə və tərəvəzin tərkibində olan zərərli maddələr isə xüsusən də azyaşlılar arasında müxtəlif mədə-bağırsaq infeksiyalarının yayılmasına gətirib çıxarıb.
Qida sektorunda təhlükəsizliklə bağlı məsələlər insanların narahatlığına səbəb olub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında deyib ki, bu gün bazarlarda satılan ərik və kartofun tərkibində təhlükəli zərərli maddələr yer alır:
“Xüsusi testorla bəzi kənd təsərrüfatı məhsulların tərkibini yoxladıq. Müşahidələrimiz zamanı məlum oldu ki, əriklərin və kartofların tərkibində nitratlar həddindən artıq çoxdur. Qalan məhsulların tərkibindəki nitratların miqdarını da yoxladıq, onlarda bu miqdar normadadır. Lakin bıçaqla kəsilən və həcmi böyük çiyələklərin hamısı şübhə doğuran məhsullardır. Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi bazarlarlarda xüsusi iş aparmalıdır”.
Eyyub Hüseynovun sözlərinə görə, bu gün bazarlarda hələ də İrandan gətirilən tərkibi təhlükəli kartof satılır:
“Genetik modifikasiya olunmasını bilmək üçün laboratoriya analizləri aparılmalıdır. Əhalinin hələ də bəzi məhsullarla bağlı şübhələri var. Əsasən yerli məhsullarda yer alan zərərli maddələrin səbəbi onların geni dəyişdirilmiş olmalarıdır. Ona görə də bu məhsullar mütəmadi yoxlanılmalıdır. Kənd təsərrüfatı məhsulları istehsalında nitratlardan və bəzi zərərli maddələrdən istifadə olunur. Bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyi istehlakçı stoluna qədər bütün məhsulların istehsalını izləməlidir. Həmin məhsullar orqanizmdə müxtəlif xəstəliklər yarada bilir. Əsasən nitratlar oynaqlarda yığışır və oynaq xəstəlikləri yaradır. Bundan əlavə mədə-bağırsaq xəstəlikləri və infeksiyalarına səbəb olur”. (Cebhe.info)