Buğda dünya üzrə qida tələbatının qarşılanmasında əvəzolunmaz rol oynayan strateji əhəmiyyətli taxıl növlərindən biridir. Ən qədim mədəni bitkilərdən olan buğda hazırda qlobal kənd təsərrüfatı sektorunda əsas yer tutur və qida zəncirinin təməlini təşkil edir. Bəs gəlin görək, buğda bitkisi necə yetişdirilir?

Buğda toxumu necə əkilir?

Buğda toxumlarının əkini torpaqdan rütubəti, istiliyi və havanı asanlıqla qəbul edəcək formada həyata keçirilir. Toxumların basdırılma dərinliyi toxumun iriliyi, səpin zamanı torpağın rütubəti, torpağın mexaniki tərkibi və bitkinin növündən asılıdır.  İri toxumlar dərin, xırda toxumlar isə dayaz basdırılır. Həmçinin quraq torpaqlarda toxumlar dərin, rütubətli torpaqlarda isə dayaz şəkildə əkilir. Bundan başqa, payızlıq buğda toxumlarını dərinə basdırmaq lazımdır ki, bitkinin şaxtaya qarşı davamlılığı artsın.

Buğda hansı iqlimdə yetişir?

Buğda həddindən artıq istiliyə və rütubətə meyilli olmayan sərin iqlim bitkisidir. Xüsusilə cücərmə və kollanma fazalarında temperaturun 8-10 dərəcə arasında, nisbi rütubətin isə 60%-dən yuxarı olması tələb olunur. Həmçinin boruya çıxma fazası üçün isə 15-16 dərəcə temperatur xarakterikdir. İllik yağıntının 350-1150 mm olduğu bölgələr buğda bitkisi üçün ideal hesab edilir.

Buğda hansı torpaqlarda yetişir?

Əksər torpaq növlərində yetişdirilə bilən buğda bitkisinin daha çox gilli, humusla və üzvi maddələrlə zəngin, həmçinin sututma qabiliyyəti 25-30 faiz olan torpaqlarda becərilməsi məqsədəuyğundur.

Buğda əkinindən öncə torpaq necə hazırlanır?

Buğda sahələrindən keyfiyyətli və bol məhsul əldə etmək üçün əkindən öncə torpağın becərilməsi və hazırlanması olduqca vacibdir. Torpaqda görüləcək işlər isə əkin vaxtı və üsulu nəzərə alınmaqla, bölgədən və iqlim şəraitindən asılı olaraq dəyişir. Quraq və yarımquraq rayonlarda alaq otlarına qarşı mübarizə aparmaq, torpağın sututma qabiliyyətini yaxşılaşdırmaq və eroziyanın qarşısının almaq üçün şumlama işləri aparılır. Suvarılan və ya rütubətli rayonlarda hər il məhsul yığımından dərhal sonra sahədə kölgələmə və 15-20 sm dərinlikdə şumlama işləri aparılır. Bundan başqa, buğda əkinindən öncə torpaq yumşaldılır, üst qatı çevrilir və hamarlanır. Yumşaq torpaqlarda isə sıxlaşdırma işləri həyata keçirilir.

Buğda əkini nə zaman həyata keçirilir?

Buğdanın əkin zamanı yetişdirilən bölgədən asılı olaraq dəyişir. Ölkəmizdə buğda səpini orta dağlıq zonalarda sentyabrın 1-dən, 20-dək, dağətəyi zonalarda sentyabrın 25-dən, oktyabrın 10-dək, aran zonalarında isə oktyabrın 20-dən, noyabrın 10-dək davam edir. Ümumilikdə, buğda çeşidindən asılı olmayaraq, əkin işlərinin payızın sonu və qışın əvvəlində aparılması məqsədəuyğundur. Bundan başqa, düzgün vaxtda əkilən buğda bitkisi qış soyuğuna daha davamlı olur.

Buğda bitkisi necə suvarılır?

Buğda bitkisi kollanma və dən formalaşması mərhələsində suvarmaya ehtiyacı artır. Suvarma zamanı torpağın nəmliyi ən azı 90 sm dərinliyə qədər çatmalıdır. Buğda becərməsində düzgün suvarma sistemləri ilə məhsuldarlığı 50%-ə qədər artırmaq mümkündür. Buğdanın normal şərtlərdə formalaşması üçün tələb olunan suyun miqdarı buğda çeşidindən asılı olaraq orta hesabla 300-600 mililitr arasında dəyişir.

Buğda bitkisi necə gübrələnir?

Buğda gübrə tətbiqini sevən və tətbiqdən sonra müsbət nəticə verən taxıl bitkisidir. Buğda sahələrində gübrələmə proqramı torpaq analizinin nəticələrinə əsaslanmalıdır. Buğda sahələrində azot gübrəsinin 15-20%-i səpindən qabaq, 60%-i erkən yazda, 20-25%-i isə bitkilərin boruya çıxma mərhələsində yemləmə şəklində verilir. Fosfor gübrələri əkinlə birgə tətbiq olunur. Cücərmə mərhələsindən çiçəklənməyə qədər olan dövrdə isə kalium gübrələrinin tətbiqi məqsədəuyğundur.

Buğda gübrələməsində daha çox faydalı ola biləcək azot, fosfor və kalium gübrələri haqqında daha geniş məlumat əldə edin.

Buğda bitkisi hansı xətəliklərə yoluxur və mübarizə üsulları

Xəstəliyin adı

Mübarizə məqsədi ilə tətbiq olunmalı dərmanların tərkibi

“Unlu şeh” xəstəliyi

“Prothioconazole”, “Benzovindiflupyr”, “Tebuconazole”, “Azoxystrobin”

 

“Septoria yarpaq ləkəsi” xəstəliyi

 

“Prothioconazole”, “Spiroxamine”, “Tebuconazole”, “Azoxystrobin”, “Kükürd”

“Sürmə” xəstəliyi

“Difenoconazole”, “Sedaxane”, “Tebuconazole”, “Fludioxonil”

Buğda bitkisinin hansı zərərvericiləri var və mübarizə üsulları

 

Zərərvericinin adı

 

Mübarizə məqsədi ilə tətbiq olunmalı dərmanların tərkibi

 

Ziyankar bağacıq

 

“Gamma-cyhalothrin”, “Alpha-cypermethrin”, “Lambda-cyhalothrin”, “Cypermethrin”

Taxıl böcəyi

“Deltamethrin”, “Cypermethrin”

Taxıl böcəyi

“Lambada-cyhalothrin”, “Deltamethrin”

Buğda sahələrində rast gəlinən alaq otları və mübarizə üsulu

Alaq otunun adı

Mübarizə məqsədi ilə tətbiq olunmalı dərmanların tərkibi

Xoruz gülü, qaramuq, siçan qulağı, sığır dili, çobanyastığı, daşkəsən ot, pıtraq, quşəppəyi, yabanı qərənfil, at quyruğu, şahtərə, yabanı turp, yemlik, yovşan otu və s.

“Dimethyl”

Tülkü quyruğu, yabanı yulaf, dəlicə və s.

“Clodinafop-propargyl, “Cloquintocet-mexyl”

Ballıbaba, cincilim, yovşan otu

“Pendimethalin”

Qeyd edək ki, buğda sahələrində zərərvericilərin və xəstəliklərin yayılmasının qarşısını alamq üçün təsərrüfatlar bitki qalıqlarından, alaq otlarından müntəzəm olaraq təmizlənməlidir. Həddindən artıq gübrələmədən və dərmanlamadan uzaq durmaq vacibdir. Torpağın şumlanması, malalanması, hamarlanması və vaxtlı-vaxtında suvarılması həyata keçirilməlidir. 

Zərərvericilər və həşəratlara qarşı mübarizə üçün pestisidlər haqqında daha ətraflı məlumat əldə edin.

Buğda toxumlarının satışı

Buğda sahələrindən bol və keyfiyyətli məhsul yığımı üçün keyfiyyətli toxum seçmək başlıca şərtdir. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq keyfiyyətli buğda toxumlarını əldə edə bilər. Eyni zamanda, təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.