Dünyanın ən böyük qida, içki, xidmət və təşkilatçı şirkətlərindən biri olan "Compass Group" tərəfindən 2017-ci ildə başlanılan "Qida Tullantılarını Durdurma Günü" qlobal qida itkisi və israfına diqqət çəkmək və maarifləndirmək üçün qeyd edilir.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, ərzaqların 17 faizi evlərdə və pərakəndə satış sahəsində israf olunur. Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən hazırlanan araşdırmaya görə, hər il insan istehlakı üçün istehsal olunan qidanın təxminən üçdə biri istehlak edilməzdən əvvəl israf edilir və ya yox edilir.
Qida istehsalındakı çatışmazlıq qlobal aclıq böhranına səbəb olmur, əksinə, hazırda dünyada hər bir fərd üçün kifayət qədər qida istehsal olunur; Buna baxmayaraq, dünyanın hər yerində insanlar aclıqla mübarizə apararkən, bir çox zəngin ölkələrdə israfçılıq mətbəxdən başlayır, yeməklərin çoxu yeyilmədən atılır.
Qida tullantıları inkişaf etməkdə olan ölkələrdə məhsul yığımı zamanı da baş verir. Aclıq böhranının əsas səbəblərindən biri olan ərzaq itkisi həm də qida istehsalı üçün istifadə olunan torpaq, su və enerji kimi ehtiyatların israfına səbəb olur.
Ümumdünya Ərzaq Proqramının araşdırmasına görə, qlobal miqyasda istehsal edilən, lakin yeyilmədən atılan qida 2 milyard insana bəs edir və bu rəqəm qida çatışmazlığından əziyyət çəkən insanların sayından iki dəfə çoxdur. Zəngin ölkələrdəki istehlakçılar hər il Afrikanın xalis qida istehsalı qədər ərzaq israfçılığına səbəb olurlar.
Ərzaqların əksəriyyəti tədarük zənciri mərhələlərində itirilir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir ki, dünyada ərzaq məhsullarının təxminən 13 faizi məhsul yığımından pərakəndə satışa qədər tədarük zəncirinin müxtəlif mərhələlərində itirilir.
Hesabatda dünyada 3,1 milyard insanın sağlam qidalanma imkanı olmadığı və itirilmiş və israf edilmiş qidanın hər il təxminən 1,26 milyard insanın sağlam qidalanması üçün kifayət edəcəyi təxmin edilir.
Qida tullantıları qlobal iqtisadiyyata hər il təxminən 1 trilyon dollara başa gəlir
Dünya Resursları İnstitutunun ("WRI") Ərzaq Zərərləri və Tullantıları üzrə direktoru Liz Qudvin "AA"ya dünya üzrə tullantılarla bağlı məlumat verib.
Qudvin bəyan edib ki, istehsal olunan qidanın təxminən üçdə biri itirilir və ya israf edilir və bu, qlobal iqtisadiyyata hər il təxminən 1 trilyon dollara başa gəlir. Qida tullantılarının ətraf mühitə təsirinə toxunan Qudvin, qida itkisi və tullantılarının qlobal istixana qazı emissiyalarının təxminən 8-10 faizini təşkil etdiyini və bunun Çin böyüklüyündə bir əraziyə uyğun gəldiyini bildirib.
Qida itkisinin kənd təsərrüfatında istifadə edilən suyun dörddə birinin boş yerə getməsinə səbəb olduğunu bildirən Qudvin, tullantıların da biomüxtəlifliyin itməsinə səbəb olduğu məlumatını verib.
Mövcud qida sisteminin davamlı olmadığını ifadə edən Qudvin: "Hazırda etdiyimiz kimi qida istehsal etməyə və israf etməyə davam etsək, artan dünya əhalisini qidalandıra bilməyəcəyik. İstixana qazı emissiyaları artacaq və daha çox meşələri qırılıb əkin sahəsinə çevriləcək”, - deyə o qeyd edib.
Tullantıların çoxu evdə atılır
Ən böyük qida israfının evdə baş verdiyini vurğulayan Qudvin, bunun qarşısını ertəsi gün artıq yeməklə və ya yeməyi dondurmaqla almaq olar.
Pərakəndə satıcıların və qida markalarının evdə qida israfını azaltmaqda istehlakçılara da dəstək ola biləcəyinə diqqət çəkən Qudvin, məhsul paketlərinin üzərinə resept fikirlərini və porsiya ölçülərini yazaraq insanların aldıqları məhsullardan maksimum fayda əldə etmələrinə kömək edə biləcəklərini söyləyib.
Qudvin həmçinin qeyd etdi ki, hökumətlər müəssisələri və insanları ərzaq itkisini və israfını azaltmağa təşviq etməlidirlər.
Bu mövzuda maarifləndirmənin “həyati əhəmiyyət daşıdığını” vurğulayan Qudvin: “İnsanların çoxu hələ də yeməkləri israf etdiklərini düşünmür. Halbuki, əslində hamımız yeməyi israf edirik. İnsanlar bunun ekoloji, sosial və iqtisadi təsirlərindən də xəbərsizdirlər, ona görə də maarifləndirmə kampaniyaları bu boşluğu doldurmaqda çox faydalıdır”, - deyə o bildirib.