Mononatrium qlütamat qlütamin turşusunun natrium duzu olub, dad və qoxunu gücləndirən qida əlavəsidir. Bu maddənin həm sənaye üsulu ilə istehsal edilən məhsullarda, həm də ictimai iaşə müəssisələrində geniş şəkildə istifadə olunduğu məlumdur. Bəzi elmi araşdırmalar göstərir ki, mononatrium qlütamatın normadan artıq və nəzarətsiz istifadəsi insan sağlamlığına mənfi təsir göstərə bilər. Bu səbəbdən onun istehlak miqdarı bir sıra beynəlxalq qurumlar tərəfindən qiymətləndirilib. Bu maddə üçün maksimum miqdar 10 q/kq olaraq müəyyən edilib. Lakin körpələr və uşaqlar üçün nəzərdə tutulmuş məhsullarda bu maddənin istifadəsi yolverilməzdir.

Bu barədə Foodinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, qida əlavələrinə nəzarət məqsədilə AQTA tərəfindən mütəmadi monitorinqlər aparılır.

Sahibkarlıq subyektlərinin müəyyən olunmuş tələblərə riayət etməsi, istehlakçıların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. AQTA sahibkarları mövcud qaydalara ciddi riayət etməyə dəvət edir.

Daha ətraflı linkdə tanış ola bilərsiniz.