Paketlənmiş çay sürətli dəmlənməsi və istifadədə rahatlığı ilə bir çox insan üçün gündəlik seçimə çevrilib. Lakin mütəxəssislər bildirirlər ki, bu rahatlıq sağlamlıq baxımından ciddi risklər yarada bilər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, onkoloq və qastroenteroloq Artur Bernatskinin sözlərinə görə, paketlənmiş çay faydalı xüsusiyyətlərini demək olar ki, tam itirir və bəzi hallarda orqanizmə zərər də verə bilər.
Həkim qeyd edir ki, təbii çay yarpaqlarının tərkibində 300-dən çox müxtəlif maddə mövcuddur və onların bir çoxu sağlamlığa müsbət təsir göstərir. Maraqlıdır ki, çayın tərkibində kofein qəhvədən daha çox olsa da, onun orqanizmə təsiri fərqlidir. Mütəxəssisin sözlərinə görə, qəhvədə kofein sərbəst formada olur və tez qana sorularaq sinir sistemini yükləyir. Çayda isə kofein taninlə birləşmiş vəziyyətdə olur və bu səbəbdən orqanizmdə yığılmır.
Artur Bernatski bildirir ki, çay böyrəküstü vəziləri həddindən artıq stimullaşdırmır və stres hormonlarının kəskin artımına səbəb olmur. Bu səbəbdən insan bir neçə fincan çay içsə belə, arterial təzyiqin təhlükəli səviyyədə qalxması riski yaranmır. Bununla yanaşı, çayın tərkibində sinir sistemini dəstəkləyən amin turşuları, xüsusilə də enerji verən qlütamin turşusu mövcuddur.
Həkimin sözlərinə görə, çay maqnezium, manqan, flüor və yod kimi mikroelementlərlə də zəngindir. Xüsusilə yaşıl çayda flüor və yodun birlikdə olması damar sərtliyi riskini azalda bilər. Bundan əlavə, çayda olan nikotin turşusu periferik qan dövranını yaxşılaşdırmaq üçün tibbdə geniş istifadə olunur. Vitamin K isə qanın laxtalanmasında mühüm rol oynayır.
Qastroenteroloq vurğulayır ki, keyfiyyətli çay mədə-bağırsaq sisteminə də müsbət təsir göstərir. Onun tərkibində olan pektin bağırsaq selikli qişasını qoruyur və faydalı mikrofloranın inkişafını dəstəkləyir. Qara və qırmızı çaylar, o cümlədən ulun çayı efir yağları ilə zəngin olur və bu maddələr təbii antioksidant hesab edilir.
Mütəxəssis bildirir ki, çayın geniş istifadə edildiyi cəmiyyətlərdə ürək-damar xəstəlikləri, infarkt və insult halları daha az müşahidə olunur. Yaşıl çay isə C vitamini ilə xüsusilə zəngindir və bu göstərici bəzi hallarda portağaldan dəfələrlə yüksək ola bilər.
Lakin həkim paketlənmiş çayla bağlı ciddi xəbərdarlıq edir. Onun sözlərinə görə, paketlənmiş çay əslində çay yarpağı deyil, xırdalanmış çay tozu və tullantılardan ibarətdir. Belə çaylarda faydalı maddələr demək olar ki, olmur. Üstəlik, ayrıca qablaşdırılmayan filtr-paketlər ətraf mühitdəki istehsal qalıqlarını özünə çəkə bilər.
Artur Bernatski xüsusilə onkoloji xəstəlik riski olan şəxslərə, eləcə də immun və limfa sistemi zəif olan insanlara paketlənmiş və süni ətirli çaylardan uzaq durmağı tövsiyə edir. Allergiyaya meyilli şəxslər, atopik dermatit, psoriaz, bronxial astma və allergik rinitdən əziyyət çəkənlər üçün belə çayların istifadəsi tamamilə məsləhət görülmür.
Mütəxəssis qeyd edir ki, təbii ətirlərlə, məsələn, yasəmən çiçəyi və ya berqamot efir yağı ilə ətirləndirilmiş yarpaq çayları isə sağlamlıq üçün təhlükə yaratmır. Onun fikrincə, sağlamlıq naminə seçim edərkən rahatlığa deyil, keyfiyyətə üstünlük verilməlidir.






