Ağ buğda çörəyi ilə qara çovdar çörəyini eyni çörək qabında və ya eyni paketdə saxlamaq geniş yayılmış səhvdir və bu, hər iki çörəyin dadını, ətrini və təzəliyini tez itirməsinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, belə saxlama üsulu çörəyin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, bu barədə fitokimya üzrə mütəxəssis, farmasevtika elmləri namizədi İqor Sokolskı məlumat verib.

Mütəxəssisin sözlərinə görə, çovdar çörəyinin rütubət səviyyəsi daha yüksək olur və adətən turşuluq dərəcəsi də çoxdur. Bunun səbəbi çovdar ununun və mayanın xüsusiyyətləridir. Buğda çörəyi isə nisbətən quru olur və onun dadı neytral və ya zəif turş hesab edilir. Birlikdə saxlandıqda, daha rütubətli olan qara çörək öz nəmini ağ çörəyə ötürür. Nəticədə ağ çörək tez yumşalır, yapışqan hala gəlir və kiflənmə riski artır, qara çörək isə nəmini itirdiyi üçün daha tez bərkiyir.

Digər vacib məqam çörəklərin qoxu və dad xüsusiyyətləri ilə bağlıdır. Çörək məsaməli quruluşa malik olduğu üçün kənar qoxuları asanlıqla özünə çəkir. Qara çörək adətən daha güclü, turşməzə və bəzən zirəli ətrə malik olur. Ağ çörəyin qoxusu isə daha yüngül və zərifdir. Onlar birlikdə saxlanıldıqda, ağ çörək qara çörəyin qoxusunu hopdurur və hər iki məhsulun təbii dadı pozulur.

Bundan əlavə, saxlanma müddətləri də fərqlidir. Qara çörək turşuluğu yüksək olduğu üçün kifə qarşı daha davamlıdır və adətən ağ çörəkdən 1–2 gün daha uzun müddət saxlanıla bilir. Lakin qapalı məkanda kif sporları bir çörəkdən digərinə asanlıqla keçə bilir. Bu səbəbdən çörəklərdən birində kif yaranarsa, qısa müddətdə digəri də xarab ola bilər.

Mütəxəssislər çörəyin düzgün saxlanması üçün onu mütləq ayrı-ayrılıqda, kağız paketlərdə və ya bölmələri olan çörək qablarında saxlamağı tövsiyə edirlər. Uzun müddət polietilen paketdə saxlamaq məsləhət görülmür, çünki içəridə rütubət yaranır və kif üçün əlverişli şərait formalaşır. Çörək qabının mütəmadi təmizlənməsi və lazım gəldikdə çörəyin dondurucuda saxlanması da onun təzəliyini qorumağa kömək edir.