Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində restoran, kofe-şop və keytrinq şirkətlərinin qida ilə təmasda olan əməkdaşları üçün təlim təşkil olunub.

Foodinfo.az xəbər verir ki, qida təhlükəsizliyi və gigiyena tələblərinə dair keçirilən təlim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Təlim zamanı iştirakçılara qida zənciri barədə ümumi məlumat verilib, qida məhsullarının düzgün saxlanması və dövriyyəsinə dair gigiyenik tələblər izah olunub. Eyni zamanda müəssisələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin təşkili, qida təhlükəsizliyi ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və qarşısının alınması yolları barədə təqdimatlar keçirilib. 
Qeyd edək ki, bu cür təlimlər ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir zamanı qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına, qonaqlara göstərilən xidmətin keyfiyyətinin artırılmasına töhfə verəcək.