Mətbəxdə gigiyena qaydalarına əməl etmək sağlamlıq üçün vacibdir, lakin bəzi vərdişlər gözlənildiyi qədər faydalı olmaya bilər. Ət və balığın bişirmədən əvvəl yuyulması uzun illərdir geniş yayılmış ənənə olsa da, mütəxəssislər bunun əks təsir yarada biləcəyini bildirir. Foodinfo.az “Чемпионат” saytına istinadla xəbər verir ki, qida kimyaçısı-texnoloq Olqa Kosnikova bu mövzu ilə bağlı maraqlı faktlar açıqlayıb.

Onun sözlərinə görə, çiy ət və balığı yumaq əslində faydasız olmaqla yanaşı, potensial təhlükə yaradır. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırmada iştirakçıların 60 faizinin çiy əti yuduqdan sonra mətbəx çanağında bakteriyaların qaldığı müəyyən edilib. Daha da narahatedici məqam isə odur ki, təmizləmə cəhdlərindən sonra belə iştirakçıların 14 faizində patogenlər tam aradan qalxmayıb. Bundan əlavə, 26 faiz hallarda bakteriyalar artıq hazır qidalara da keçib.

Mütəxəssislər izah edir ki, suyun təsiri ilə bakteriyalar ətrafa sıçrayaraq mətbəx səthlərinə, qab-qacağa və digər qidalara yayıla bilər. Bu isə qida zəhərlənməsi riskini artırır. Ən doğru yanaşma isə məhsulu yumaq əvəzinə birbaşa qablaşdırmadan tavaya, bişirmə qabına və ya marinad üçün nəzərdə tutulmuş qaba yerləşdirməkdir.

Bundan başqa, çiy ət və balıq üçün ayrıca doğrama taxtasının istifadəsi də vacib hesab olunur. Bu, çarpaz çirklənmənin qarşısını almağa kömək edir və digər qidaların təhlükəsizliyini qoruyur. Bişirmə prosesi zamanı yüksək temperatur bakteriyaları məhv etdiyi üçün əlavə yumağa ehtiyac qalmır.