Rusiya prezidenti Vladimir Putinin “taxıl diplomatiyası” hələ də Avropa İttifaqı üçün ciddi başağrısı olaraq qalır. Çünki o, qlobal ticarətin dinamikasını dəyişir və bazarları Moskvanın xeyrinə çevirir.

Foodinfo.az xəbər verir ki, bu barədə “Asia Times”ın Honq Konq nəşri yazır.

Müəllif Avropa İttifaqının idxalını azaltmaq üçün Rusiya və Belarusun kənd təsərrüfatı məhsullarına rüsumların artırılması ilə bağlı Avropa Komissiyasının təklifini diqqətəlayiq adlandırır.

Dünya taxılının qiyməti Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra yüksəlib, lakin 2022-ci ildə Qara dəniz sazişi bağlandıqdan sonra aşağı düşüb. Müqavilə Rusiyanın dəniz blokadasını qaldırıb və Ukraynaya Qara dəniz limanlarından taxıl ixrac etməyə imkan verib. İki dəfə uzadılıb və keçən il dayandırılıb. O vaxtdan bəri Kiyev taxıl ixracını bərpa edib və Rusiyanın buğda ixracı rekord həddə çatıb. Gübrə ehtiyatları da bərpa olunub.

Mart ayında enerji və taxıl ixracı fonunda Rusiya 13,4 milyard dollarlıq cari əməliyyatlar hesabında müsbət saldo qeydə alıb ki, bu da 2007-ci ilin martından bəri ikinci ən böyük göstəricidir.

Eyni zamanda, fermerlərin narazılığına görə Aİ ölkələri Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına yeni məhdudiyyətlər tətbiq etməyə razılaşıblar. Ərzaq Ukraynanın ümumi ixracının 60%-ni təşkil edir və Kiyevə ixrac gəlirlərinin 40%-dən çoxunu təmin edir. Qeyd edilir ki, Aİ-nin yeni idxal məhdudiyyətləri Ukrayna iqtisadiyyatına təsir edəcək və onun Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirməsinə mane olacaq.

Nəşr vurğulayır ki, hazırda Rusiya dünyanın ən böyük buğda ixracatçısıdır və onun kənd təsərrüfatı məhsulları üçün dünya bazarlarına təsiri artır.

Əvvəllər Putin Qərb taxıl qiymət sistemi ilə rəqabəti gücləndirmək üçün BRİKS taxıl birjasının yaradılmasını dəstəkləyib. Birja dünyanın əsas ticarət valyutası kimi dollara meydan oxuya bilər. Onun ideyası əsas alıcıları və ixracatçıları birləşdirməkdir. Müəllif qeyd edir ki, bu qurum inkişaf etməkdə olan iqtisadi blokun kollektiv gücü ilə birləşərək, Moskvanın geoiqtisadi təsirini və iştirakçı ölkələr üzərində diplomatik təsir imkanlarını, alternativ satış bazarları üçün rəqabəti gücləndirəcək.

Vurğulanıb ki, Putinin “taxıl diplomatiyası”nın təsiri Rusiyanın qitə ölkələrinə pulsuz taxıl göndərdiyi Afrikada özünü artıq büruzə verib.