Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə Ağdam, Ağcabədi və Bərdə rayonlarının ərazisində yerləşən ümumilikdə 86 soğan təsərrüfatında fitosanitar müşahidələr aparıb, məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında müvafiq parametrlər üzrə müayinələrə cəlb edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, müayinələr və simptomların təhlili nəticəsində müəyyən olunub ki, hazırda soğan sahələrində mövcud olan problemin əsas səbəbi tütün tripsi və göbələk mənşəli soğan yarpağının çürüməsi xəstəliyidir.
Tütün tripsi ilə yanaşı, digər sorucu həşəratların da səbəb olduğu göbələk və virus mənşəli bitki xəstəlikləri, eləcə də soğan məhsulunun saxlama şərtlərinə əməl edilməməsi də problemə təkan verən amillərdir.
Ona görə də Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları “Soğan təsərrüfatlarında yayılmış xəstəlik və zərərvericilər haqqında və onlarla mübarizə tədbirləri” mövzusunda sahibkarlarla maarifləndirici görüş keçirib.
Tədbir zamanı soğan istehsalçılarının nəzərinə çatdırılıb ki, tütün tripsi ilə mübarizə məqsədilə zərərvericilərlə sirayətlənmiş bitki qalıqları sahədən çıxarılmalı və məhv edilməli, sahə alaq otlarından təmizlənməlidir. Zərərvericinin yetkin fərdlərində və sürfələrində davamlılığın yaranmaması məqsədilə kontakt və sistem təsirli insektisidlərdən növbəli şəkildə və tətbiq reqlamenti nəzərə alınmaqla istifadə edilməlidir. Eyni zamanda, tütün tripsi aşkarlanan sahələrdə ən azı 3 il ərzində növbəli əkin həyata keçirilməli, payızda torpaq dərin şumlanılmalıdır.