Beynin yaşlanmasını ləngitmək üçün bəzən bahalı dərmanlara və ya mürəkkəb prosedurlara ehtiyac olmur. Foodinfo.az xəbər verir ki, Florida Universitetinin alimləri apardıqları araşdırma nəticəsində insan beyninin fəaliyyətini 8 ilədək “cavanlaşdıran” sadə həyat tərzi vərdişlərini müəyyən ediblər. Tədqiqatın nəticələri “Brain Communications” elmi jurnalında dərc olunub.
İki il davam edən təcrübəyə xroniki ağrılardan əziyyət çəkən 128 orta və yaşlı insan cəlb edilib. Alimlər iştirakçıların beyin fəaliyyətini maqnit-rezonans tomoqrafiyası və süni intellekt əsaslı analiz üsulları ilə qiymətləndiriblər. Müqayisə zamanı bəzi insanların “beyin yaşı” ilə real yaşı arasında ciddi fərq olduğu müəyyən olunub.
Tədqiqatçılar beynin sağlam qalmasına və yaşlanma prosesinin ləngiməsinə kömək edən yeddi əsas vərdişi açıqlayıblar. Bunlara siqaretdən imtina, bədən quruluşunun normal çəkidə saxlanması (qadınlarda bel dairəsi 80 sm-dən, kişilərdə 94 sm-dən artıq olmamalıdır), optimist düşüncə, müsbət emosiyaların üstünlüyü, stressin azaldılması, ailə və dost çevrəsindən sosial dəstək, eləcə də keyfiyyətli yuxu daxildir.
Tədqiqatın rəhbəri, Florida Universitetinin professoru Kimberli Sibil deyib ki, sağlam həyat tərzi təkcə fiziki vəziyyəti yaxşılaşdırmır, həm də beyin fəaliyyətinə güclü təsir göstərir. Onun sözlərinə görə, bu sadə dəyişikliklər insanın öyrənmə qabiliyyətini, yaddaşını və emosional sabitliyini əhəmiyyətli dərəcədə artırır.
Alimlər hesab edirlər ki, belə gündəlik vərdişlər uzunmüddətli perspektivdə demans və Alzheimer kimi xəstəliklərin qarşısını almağa da kömək edə bilər.






