İsveçrədə keçirilən beynəlxalq tədbirdə Azərbaycan məhsulları nümayiş olunub. İsveçrə-MDB birgə Ticarət Palatasının təşkilatçılığı ilə Sürix şəhərində 2017-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyindən Foodinfo.az-a verilən məlumata görə, tədbirdə MDB ölkələrinin İsveçrədə akkreditə olunmuş səfirliklərinin nümayəndələri, eləcə də MDB regionu ilə əməkdaşlıqda maraqlı olan İsveçrə şirkətlərinin çoxsaylı təmsilçiləri iştirak ediblər. Azərbaycan şərablarının tanıdılması məqsədilə tədbir təşkilatçılarına müxtəlif Azərbaycan şərabları, eləcə də şirniyyatlar təqdim olunub. Bu təqdimat təşkilatçılar tərəfindən müsbət qiymətləndirilib, təşkilatın internet səhifəsində yerləşdirilmiş xəbərdə Azərbaycan şərabları və şirniyyatlarına xüsusi diqqət ayrılıb. Azərbaycan məhsulları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbir zamanı çıxış edən təşkilatın icraçı direktoru Dorit Sallis cari il ərzində səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinə xüsusi təşəkkür elan edib.