Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Rayon Statistika İdarəsindən bildiriblər ki, 2018-ci ilin doqquz ayında 3258,6 ton ət, 26 min 777,4 ton süd, 194,5 ton yun, 10383 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 4,1 faiz, süd istehsalı 4,8 faiz, yumurta istehsalı 60 faiz, yun istehsalı 23,8 faiz çoxalıb. Rayon üzrə ümumi ət istehsalının 99,4 faizi, süd istehsalının 98,4 faizi, yumurta istehsalı tamamilə, yun istehsalının 96 faizi fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Təkcə 2018-ci ilin doqquz ayında 1959 baş inək və düyə süni yolla mayalandırılıb, 1119 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şarole” və “Şvis” cinslərindən olan buğaların toxumları istifadə edilir. (Azərtac)