Sağlam və yüngül qidalanmaq istəyənlər üçün tərəvəz əsaslı yeməklər getdikcə daha populyarlaşır. Xüsusilə gül kələmindən hazırlanan kotletlər həm qidalı, həm də asan hazırlanması ilə diqqət çəkir. Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, bu resept həm gündəlik menyu, həm də qonaq süfrələri üçün ideal seçim hesab olunur.

Bu yeməyin əsas üstünlüyü onun sadə tərkibi və faydalı komponentlərdən ibarət olmasıdır. Gül kələmi liflə zəngin olub həzmi yaxşılaşdırır, pendir isə yeməyə əlavə dad və qidalılıq qatır. Şüyüd isə özünəməxsus ətri ilə kotletlərin dadını daha da zənginləşdirir.

Resepti hazırlamaq üçün əvvəlcə 1 kq gül kələmi çiçəklərə ayrılır, qaynadılır və artıq suyu süzülür. Soyuduqdan sonra xırdalanır və üzərinə doğranmış şüyüd, 200 qram rəndələnmiş pendir, 2-3 ədəd yumurta, 70 qram suxarı, duz və istiot əlavə olunur. Qarışıq yaxşıca yoğrulduqdan sonra kotlet formasına salınır, una bulanır və hər iki tərəfi qızılı rəng alana qədər yağda qızardılır.

Nəticədə həm dadlı, həm də sağlam alternativ kimi süfrənizə yaraşacaq bu kotletləri sevdiyiniz sousla təqdim edə bilərsiniz.