
Protein (zülal) insan orqanizmi üçün əsas qurucu maddələrdən biridir. Əzələ, dəri, saç, dırnaq və daxili orqanların toxumalarının qorunması və yenilənməsi üçün zülal həyati əhəmiyyət daşıyır. Həmçinin hormonlar, fermentlər və immun sisteminin bir çox komponentləri də zülal strukturuna malikdir. Buna görə də gündəlik qəbul etdiyimiz protein miqdarı sağlamlığımız üçün olduqca önəmlidir.
Foodinfo.az xəbər verir ki, gündəlik protein ehtiyacı fərdin çəkisinə, həyat tərzinə və məqsədinə görə dəyişir. Əgər insan oturaq həyat tərzi sürürsə, yəni gündəlik ciddi fiziki aktivliyi yoxdursa, onun hər kiloqram bədən çəkisinə təxminən 0.8–1 qram protein kifayət edir. Məsələn, 70 kiloqram çəkisi olan bir şəxs üçün bu, gündəlik 56–70 qram protein deməkdir.
Əgər insan daha aktiv həyat sürür, mütəmadi idmanla məşğul olur və ya gündəlik fiziki fəaliyyəti çoxdursa, onda protein ehtiyacı da artır. Belə şəxslər üçün gündəlik 1.2–1.6 qram protein kifayət edir. Əzələ kütləsini artırmaq istəyən idmançılarda və ya bodibildinqlə məşğul olanlarda bu göstərici 1.6–2.2 qram arasında dəyişə bilər.
Kilo vermək istəyən insanlar üçün də protein mühüm rola malikdir. Arıqlama prosesində bədən yağ yandırarkən əzələləri qorumaq üçün zülal vacibdir. Bu məqsədlə zülal miqdarı bəzən 2–2.5 qram/kq səviyyəsinə qədər artırıla bilər. Zülal toxluq hissi verdiyi üçün aclığı azaldır və beləliklə daha az kalori qəbul etməyə kömək edir.
Yaşlı insanlar üçün də protein vacibdir, çünki yaş artdıqca əzələ kütləsi təbii olaraq azalır. Bu prosesi yavaşlatmaq və gücü qorumaq üçün yaşlılara da gündəlik 1–1.2 qram/kq protein tövsiyə olunur.
Vegan və vegetarian pəhrizi saxlayanlar üçün xüsusi qeyd etmək lazımdır ki, bitki mənşəli proteinlər (məsələn, mərcimək, paxlalılar, tofu və s.) heyvan mənşəli zülallara nisbətən orqanizm tərəfindən bir qədər zəif mənimsənilir. Bu səbəbdən, bu cür pəhriz saxlayanlara protein qəbulunu təxminən 10–20 faiz artırmaq tövsiyə olunur.
Son olaraq qeyd etmək lazımdır ki, zülalın yalnız miqdarı deyil, mənbəyi də önəmlidir. Ət, yumurta, süd məhsulları, paxlalılar, qoz-fındıq, toxumlar və bəzi taxıl məhsulları keyfiyyətli protein mənbələri sayılır. Balanslı və müxtəlif qidalanma ilə bədən ehtiyacını rahat şəkildə qarşılamaq mümkündür.