Soyuq sıxım zeytun yağının sağlamlığa böyük faydası var. Lakin düzgün doza çox vacibdir.

Foodinfo.az xəbər verir ki, bu qənaətə Florida Universiteti və ABŞ-nın Diabet və Həzm və Böyrək Xəstəlikləri İnstitutunun alimləri gəliblər.

“Journal of the American Heart Association” jurnalında dərc olunan araşdırmada 40 nəfər iştirak edib. Könüllülər tərkibində zeytun yağı olan bitki mənşəli qidalardan istifadə ediblər. Birinci qrup gündə 4 xörək qaşığı, ikinci isə 1 xörək qaşığı qəbul edib.

İlk həftədə bütün iştirakçılarda xolesterin səviyyəsi və digər kardiometabolik göstəricilərdə azalma müşahidə olunub. Lakin zeytun yağından daha çox istifadə edən qrupda xolesterin səviyyəsi tez bir zamanda yenidən artıb, digərlərində isə azalmağa davam edib.

Nəticələrə əsasən, alimlər vurğulayıblar ki, sağlamlıq üçün gündə cəmi bir qaşıq zeytun yağı kifayətdir.