İmişlidə heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün yeni-yeni təsərrüfatlar, süni mayalanma məntəqələri yaradılır. Hazırda rayonda 359-a yaxın fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və yüksək mənfəət götürür. Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, hazırda İmişlinin heyvandarlıq təsərrüfatlarında 94 min 935 baş iribuynuzlu mal-qara, 255 min 617 baş qoyun-keçi saxlanılır. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusilə diqqət yetirilir. Bu istiqamətdə iş təkcə xaricdə gətirilən cins düyələr hesabına deyil, süni mayalanma yolu ilə də aparılır. Mal-qaranın cins tərkibinin süni mayalanma yolu ilə yaxşılaşdırılması ucuz başa gəldiyinə görə fermerlər bu üsula daha çox üstünlük verirlər. Ötən il rayonda mövcud olan süni mayalanma məntəqələrinin mütəxəssisləri tərəfindən fermalarda mayalanmış 2999 inək və düyədən cari ilin dörd ayı ərzində 445 baş buzov alınıb və bu buzovlara görə maldarlara dövlət tərəfindən ümumilikdə, 44 min 500 manat subsidiya verilib. Həyata keçirilən tədbirlər nəticəsində rayonda ət və süd istehsalı da ilbəil artır. Cari ilin 4 ayı ərzində rayonda 3 min 864 ton ət (diri çəkidə), 16 min 867 ton süd istehsal olunub ki, bu da 2019–cu ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 8 ton çoxdur.