Qubada “Regionun mətbəx günü” adı ilə təşkil olunan milli yemək festivalı yerli sakinlər və rayona gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycanda ilk dəfə keçirilən bu festivalda ölkəmizin şimal bölgəsinə məxsus milli yeməklər nümayiş etdirilib.
Festivalın əvvəlində iştirakçılar yerli sənətkarların əl işlərinin nümayiş etdirildiyi stendlərə, azyaşlı idmançıların təqdimatına və ən əsası sərgilənən yemək növlərinə baxıblar.
Quba şəhərindəki Nizami Gəncəvi adına istirahət parkında təşkil edilən festivalda Quba ilə yanaşı Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim olunub. Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri tədbir iştirakçılarında böyük maraq oyadıb.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev festival iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, gündən-günə inkişaf edən ölkəmizdə bu kimi tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Respublikamızın bölgələrinin çiçəklənməsi, abadlaşması imkan verir ki, belə mötəbər tədbirlər rayonlarda da təşkil olunsun.
Nazim Ağayev Azərbaycanın zəngin mətbəxə malik olduğunu bildirərək, bu festivalın ölkəmizin müxtəlif bölgələrində milli yemək növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət etdiyini diqqətə çatdırıb.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan milli mətbəxinin tarixi xalqımızın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə xeyli fərqlənir. “Regionun mətbəx günü” festivalının keçirilməsində əsas məqsəd mətbəx nümunələrimizi tanıtmaq, təbliğ etmək və milli yeməklərimizə əl uzadanların qarşısını almaqdan ibarətdir.
Festival maraqlı konsert proqramı ilə davam edib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Regionun mətbəx günü” adlı milli yemək festivalının gələcəkdə ölkəmizin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulub.