
Ərik həm dadlı, həm də sağlamlıq baxımından çox faydalı bir meyvədir. Tərkibində A, C və E vitaminləri, kalium, dəmir, lif və antioksidantlar olan ərik düzgün miqdarda istifadə edildikdə orqanizm üçün bir çox üstünlük təqdim edir. Lakin hər qida kimi, ərik də müəyyən həddə qədər istehlak olunmalıdır.
Foodinfo.az xəbər verir ki, yəzə ərik aşağı kalorili və su ilə zəngin bir meyvədir. Orta ölçülü bir ərik təxminən 30 kalori və 0.5 qram lif ehtiva edir. Gündə 3-5 ədəd təzə ərik yemək sağlam insanlar üçün normal sayılır.
Bu miqdar orqanizmin gündəlik A vitamini və lif ehtiyacının bir hissəsini qarşılayır, həm də həzm sistemini dəstəkləyir.
Qurudulmuş ərikdə su buxarlandığı üçün şəkər və kalori miqdarı sıxlaşır. 100 qram quru ərikdə təxminən 200–250 kalori və 50–60 qram təbii şəkər ola bilər. Buna görə 4–6 ədəd qurudulmuş ərik (təxminən 30–40 qram) gündəlik istehlak üçün uyğundur.
Şəkərli diabeti olan şəxslər və pəhriz saxlayanlar bu miqdarı daha da azalda bilərlər.
Həddindən artıq ərik yemək, xüsusilə quru ərik aşağıdakı hallara səbəb ola bilər:
- Qaz və şişkinlik
- İshal və ya mədə pozuntusu
- Qanda şəkərin qalxması (xüsusilə diabetiklər üçün)
- Ərik (xüsusilə quru) A vitamini ilə zəngindir, bu da qaraciyərdə yüklənməyə səbəb ola bilər.
Xüsusilə, şəkərli diabeti olanlar, aşağı kalorili pəhriz saxlayanlar, bağırsaq problemi (həssas bağırsaq sindromu) olanlar, A vitamini ilə zəngin digər əlavələr qəbul edənlər diqqəti olmalıdırlar.
Bu şəxslər ərik miqdarını mütləq nəzarətdə saxlamalıdır.