Cari ildə nar və nardan emal edilən məhsulların istehsal və ixracında artım olacağı gözlənilir.
Bu barədə jurnalistlərə müsahibəsində Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
"Builki ixracla bağlı yekun göstəricilər gələn ilin fevral-mart aylarında məlum olacaq. Sentyabrın sonundan və oktyabrın əvvəllərindən nar yığımına başlanılarsa ixrac prosesi fevral-mart aylarınadək davam edə bilər. Sahibkarlar və fermerlər öz məhsullarını soyuducularda saxlamaq şərtilə fevral-mart aylarına qədər ixrac edə bilərlər. Düşünürük ki, bu il həm yığım, həm də ixrac göstəriciləri 20-25 faiz artacaq", - deyə F.Qaraşov bildirib.
O əlavə edib ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal edilib, eyni zamanda, təxminən 10 milyon ABŞ dollarlıq ixrac həyata keçirilib. İxrac olunan ölkələr MDB, Avropa ölkələri, ABŞ və Avstraliyadır: “Bu il istehsalın 200 min tona çatacağına ümid edirik. Bu da ixrac rəqəminin artmağına, həmçinin də iri emal sahələri tərəfindən emal edilən nar məhsulları, konsentratı, narşərab, nardan hazırlanmış alkoqollu içkilər, şirələr və kompotlar şəklində ixrac rəqəmlərinə təsirini göstərəcək”.