Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində keçiriləcık yarmarkaların təşkili ilə bağlı yenilik edilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Aqrar Ticarət Şirkətinin İnformasiya və ictimiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib.
O qeyd edib ki, yarmarkaların keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasıdır:
Qurum rəsmisi qeyd edib ki, builki yarmarka ənənəvi ünvanlarda təşkil olunmayacaq:
“Bu il ilk dəfə olaraq, yarmarka yalnız bir ünvanda təşkil olunacaq. “Kənddən şəhərə” bayram yarmarkası 21-30 dekabrda Nizami küçəsi 154 ünvanında (Landmark biznes mərkəzinin yaxınlığında, Azərbaycan-Fransız Universiteti ilə üzbəüz) keçiriləcək. Növbəti ildən etibarən yarmarkaların digər ünvalarda keçirilməsi nəzərdə tutulub”.
M.Musayevin sözlərinə görə, ilk dəfə olaraq yarmarka innovativ metodla keçiriləcək:
“Yarmarkada iştirak etməyi istəyən fermerlər saytımız vasitəsilə bizə “onlayn” müraciət ediblər. Noyabrın 25-dən dekabrın 10-dək qeydiyyatdan keçiblər. Hazırda müraciət edənlərin yarmarkada iştirakı üçün seçim aparılır. İştirak üçün 110 yerlik ərazimiz var. Yarmarkada iştirak tam ödənişsizdir. Ərazi qapalıdır və istiliklə təmin olunub. Həmçinin, iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcək. Yarmarkanın arxa hissəsində fermerlərin avtomobillərini rahat şəkildə saxlamaları üçün yer də müəyyən olunub”.
Şöbə müdiri deyib ki, yarmarkanın təşkilində Qida Təhlükəsizliyi Agentliyi də iştirak edir:
“Məhsulların sertifikatlaşdırılması, qida təhlükəsizliyinin tələblərinə cavab verib-verməməsinə nəzarət edəcəklər”.
M.Musayev qeyd edb ki, yarmarkada yerli istehsal olan bütün növ kənd təsərrüfatı məhsullarının satışına icazə veriləcək:
“Alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal və s. ala biləcəklər. Yarmarkada yalnız ət və ət məhsullarının satışı nəzərdə tutulmayıb”.