Kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə xurma istehsalı, emalı və ixracatı ilə məşğul olan fermer və sahibkarlarla görüşüb.
Nazirliyin əsas fəaliyyət prinsiplərindən birinin fermerlərlə sıx əməkdaşlıq etmək olduğunu deyən İnam Kərimov bu məqsədlə müxtəlif sahələr üzrə ixtisaslaşmış assosiasiyaların üzvləri ilə mütəmadi görüşlər keçirdiyini bildirib. Nazir Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradıldığını xatırladıb, DAİM-lərin xidmətyönümlü fəaliyyət göstərəcəyini qeyd edib.
Görüşdə çıxış edən fermer və sahibkarlar xurma istehsalçıları və ixracatçılarının bir araya gələrək assosiasiya yaratmaq təşəbbüsü ilə çıxış etdiklərini deyiblər. Yeni assosiasiya Azərbaycanın 11 rayonunda 59-dək xurmaçı və xurmaçılıq sahəsində çalışan şirkət və fermerləri öz sırasında birləşdirəcək. Yaradılacaq assosiasiyanın illik istehsal gücü 6000 ton, ixracat potensialı isə 5400 tondur. Qeyd olunub ki, yeni assosiasiyanın yaradılmasında məqsəd Azərbaycanda xurma bağlarının sayının artırılması, xurma istehsalının genişləndirilməsi və ixracatın maksimum səviyyəyə çatdırılmasıdır.
Çıxış edən fermer və sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirmək siyasətini dəstəklədiklərini bildiriblər.
Görüşdə xurma istehsalı və emalı sahəsində mövcud vəziyyət dəyərləndirilib, ölkənin ixracat potensialının artırılması üçün təkliflər irəli sürülüb.