Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi torpaqdan qanunsuz istifadənin qarşısını almaq üçün tədbirlər görməyə davam edir.
Dövlət Komitəsinin məlumatında bildirilir ki, balıq ovu məqsədilə süni göllərin yaradılması faktlarının aşkar edilməsi üzrə monitorinq keçirilmişdir.
“Monitorinq nəticəsində ümumilikdə 30 rayon üzrə 537 süni balıq gölü müəyyən edilib. Müəyyən olunub ki, süni balıq gölləri əsasən kənd təsərrüfatı təyinatlı pay torpaqlarında, dövlət və bələdiyyə mülkiyyətinə aid otlaq sahələrində, qış otlaqlarında qeyri-qanuni olaraq yaradılıb”, - məlumatda belə deyilir.
Məlumatda deyilir ki, monitorinq zamanı 121 gölün fəaliyyəti dayandırılıb, torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb. Balıq gölünün 269-u barədə inzibati protokollar yazılıb, cinayət əməlinin əlamətləri aşkar olunan 25 göllə bağlı sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.