Qida subyektləri diri heyvanlar və ya qida məhsullarının emalında istifadə olunan materiallar istisna olmaqla, son hazır məhsulu insan istehlakı üçün yararsız vəziyyətə salan, habelə parazitlər, patogen mikroorqanizmlər və ya toksinlərlə çirklənmiş və ya kənar maddələrlə çirklənmə ehtimalı müəyyən edilmiş xammal (ərzaq xammalı, qablaşdırma materialları və s.), inqrediyentlər və ya məhsulları qəbul etməməlidir. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirilib. Sənəddə qeyd edilib ki, qida obyektində bütün xammal və inqrediyentlər xarab olma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmalıdır. Qida məhsulları qida zəncirinin bütün mərhələlərində, onu insan istehlakı üçün yararsız, sağlamlıq üçün zərərli və ya insan tərəfindən istehlakını qeyri-mümkün edəcək çirklənmədən mühafizə olunmalıdır. Ev heyvanlarının, zərərvericilərin qida məhsullarının hazırlandığı, istifadə olunduğu və ya saxlandığı yerlərə girişinin qarşısını almaq üçün nəzarət tədbirləri həyata keçirilməlidir.

Eyni zamanda xammal, inqrediyentlər, aralıq və hazır məhsullar insan sağlamlığı üçün risk yarada biləcək, eləcə də patogen mikroorqanizmlərin çoxalmasına, yaxud toksinlərin formalaşmasına şərait yaradan temperaturda saxlanmamalıdır. Qida məhsullarının aşağı temperaturda saxlanması, servis edilməsi (xidmət göstərilməsi) hallarında və ya heç bir termiki emal prosesi tətbiq edilmədikdə, məhsullar yekun hazırlıq mərhələsindən sonra insan sağlamlığı üçün təhlükə yaratmayacaq temperatura qədər soyudulmalıdır. Dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) proseduru patogen mikroorqanizmlərin artımı və ya qidada toksinlərin əmələ gəlməsinə imkan verməyən şəraitdə həyata keçirilməlidir. Donun açılması nəticəsində yaranan maye emal sahəsindən kənarlaşdırılmalıdır.