Şokolad sevənlər üçün vacib xəbər var – ağ şokolad sağlamlıq baxımından ən az faydalı və ən çox risk daşıyan növdür. Foodinfo.az xəbər verir ki, Rusiyanın “Gemotest” laboratoriyasının eksperti, qastroenteroloq və tibb elmləri namizədi Yekaterina Kaşux ağ şokoladın tərkibi və orqanizmə təsiri ilə bağlı əhəmiyyətli açıqlamalar verib.

Mütəxəssis RİA Novosti-yə müsahibəsində bildirib ki, ağ şokolad klassik şokolad sayılmır, çünki onun tərkibində heç bir kakao komponenti – nə kütlə, nə toz, nə də flavonoid yoxdur. “Ağ şokolad yalnız şəkər və kakao yağı qarışığından ibarətdir və bu onu ən yüksək kalorili və az faydalı desertlərdən birinə çevirir”, – deyə Kaşux vurğulayıb.

Onun sözlərinə görə, istər ağ, istər südlü, istərsə də tünd şokoladların hamısı desert kateqoriyasına daxildir və sağlamlıq üçün xüsusi fayda vəd etmir. “Onlar zövq üçün var, müalicəvi deyil”, – deyə ekspert əlavə edib.

Kaşux həmçinin “şəkərsiz” yazılan məhsulların alıcıları aldatmaması barədə xəbərdarlıq edib. “Etiketdə şəkərsiz yazılsa da, bu yalnız zərif şəkərin olmamasına aiddir. Əvəzində tərkibində aqave siropu, bal və ya digər təbii şəkərlər ola bilər ki, bunlar da qanda şəkəri yüksəldir və kalori verir”, – deyə o bildirib.

Mütəxəssis tövsiyə edir ki, gündəlik rasionda şokoladın miqdarı ciddi şəkildə nəzarətdə saxlanılmalı və həftədə 20-30 qramdan çox istehlak edilməməlidir.

Kaşux sonda vurğulayıb ki, “şokolad seçimində əsas meyar dad deyil, sağlamlıq olmalıdır. Xüsusilə metabolik pozğunluğu və ya qida rasionuna nəzarət edənlər üçün bu, vacibdir”.

Qastroenteroloq ağ şokoladın heç bir flavonoid və ya antioksidant ehtiva etmədiyini, yalnız boş kalori yığını olduğunu bir daha qeyd edərək, onu “ən zərərli şokolad növü” adlandırıb.