İsti havalarda dondurma ən çox seçilən məhsullardan biri hesab olunur. Lakin bir çox insan onu sürətlə yeyərkən qəfil baş ağrısı ilə qarşılaşır. Mütəxəssislər bu vəziyyətin təsadüfi olmadığını və orqanizmdə baş verən müəyyən reaksiyalarla əlaqəli olduğunu bildirirlər.
Foodinfo.az “Live Science” portalına istinadla xəbər verir ki, amerikalı nevroloq Ethan Cooper “beyin donması” adlandırılan ağrının soyuğun ağız boşluğundakı damarları sürətlə daraltması nəticəsində yarandığını açıqlayıb. Onun sözlərinə görə, daha sonra damarların yenidən genişlənməsi beyinə siqnal göndərir və kəskin ağrı hiss olunur.
Ekspert qeyd edib ki, bu ağrı adətən bir neçə saniyə davam etsə də, bəzi insanlarda daha güclü hiss edilə bilər. Xüsusilə miqren problemi yaşayan şəxslərin soyuq məhsulları ehtiyatla qəbul etməsi tövsiyə olunur.
Araşdırmalarda göstərilir ki, dondurmanın yavaş yeyilməsi və ağızda bir qədər isinməsinə imkan verilməsi ağrı riskini azaldır. Həkimlər çox soyuq içkilərin də oxşar təsir yarada biləcəyini bildirirlər.
Mütəxəssislər yay aylarında dondurma qəbul edərkən ölçüyə diqqət etməyi və həddindən artıq şəkərli məhsullardan uzaq durmağı məsləhət görürlər.






