Son aylarda sosial şəbəkələrdə limonlu qəhvə trendi geniş yayılıb. Bir çox istifadəçi bu içkinin arıqlamağa və enerjini artırmağa kömək etdiyini iddia edir. Mütəxəssislər isə məsələ ilə bağlı daha ehtiyatlı danışırlar.
Foodinfo.az “Wellness Pulse” portalına istinadla xəbər verir ki, dietoloq Sandra Miller limonlu qəhvənin möcüzəvi təsirə malik olmadığını bildirib. Onun sözlərinə görə, limonun tərkibindəki C vitamini faydalı olsa da, bu qarışığın birbaşa yağ yandırdığı elmi şəkildə sübut edilməyib.
Ekspert qeyd edib ki, bəzi insanlarda limonlu qəhvə mədə turşuluğunu artıra və narahatlıq yarada bilər. Xüsusilə qastrit və reflü problemi yaşayan şəxslərə bu içki ehtiyatla tövsiyə olunur.
Araşdırmalarda göstərilir ki, qəhvənin əsas təsiri kofeinlə bağlıdır və enerji artımı daha çox bunun hesabına baş verir. Dietoloqlar balanslı qidalanma və fiziki aktivliyin arıqlamaq üçün əsas şərt olduğunu vurğulayırlar.
Bununla yanaşı, həkimlər səhər saatlarında həddindən artıq kofein qəbulunun ürək döyüntüsünü artıra biləcəyini də xatırladırlar.






