Oktyabrın 31-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşüb.
Görüşdə əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğunu bildirən agentliyin sədri ölkəyə təhlükəsiz və beynəlxalq standartlara uyğun qida məhsullarının idxalının qida təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, son illər Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi çərçivəsində həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiq olunması yerli istehlakçıların hüquqlarının müdafiə olunmasına və idxal zamanı qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə nəzarət imkanlarını genişləndirir. Agentliyin sədri ölkəyə təhlükəsiz və yüksəkkeyfiyyətli qida məhsullarının idxalı istiqamətində bundan sonra da idxalçı sahibkarlara hər bir metodiki kömək göstrəriləcəyini deyib. O, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi işlərinin davam etdiriləcəyini də diqqətə çatdırıb.