15-17 may tarixlətində Bakı Ekspo Mərkəzində bu ilin 4 ixtisaslaşmış sərgisini özündə birləşdirən ən genişmiqyaslı tədbir keçiriləcək. Sərgi kompleksinin üç zalında və açıq meydançasında yerləşən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi “Ipack Caspian” və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi “HOREX Caucasus” dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib. Keçən il ilə müqayisədə sərginin ekspozisiya sahəsi 20% artıb. Eksponentlərin 70%-ni xarici şirkətlər təşkil edir. Sərgidə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən xüsusi diqqət yetirir. Uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərgini ziyarət edir və istehsalçı və distribyutorların Azərbaycan bazarında təqdim etdikləri yeni məhsullar ilə tanış olur. Sərgidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi də fəal iştirak edir və tədbiri yaxından dəstəkləyir. “WorldFood Azerbaijan” sərgisi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərgilər həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı Caspian Event Organisers şirkəti və onun beynəlxalq agentlər şəbəkəsidir. WORLDFOOD AZERBAIJAN 2019 Bu il “WorldFood Azerbaijan” sərgisi öz 25 illik yubileyini qeyd edir. Sərgi müstəqil Azərbaycanda qida sənayesinin inkişafının başlanğıcında keçirilməyə başlanıb və sənayenin yeni təmayülləri ilə ayaqlaşmaqla yanaşı, bu sahənin regionda hərəkətverici qüvvəsinə çevrilib. “WorldFood Azerbaijan” sərgisi öz qapılarını ziyarətçilərin üzünə ilk dəfə 1995-ci ildə açıb və o vaxtdan etibarən, həm Azərbaycanda, həm də regionda mütəxəssislər arasında artan nüfuza malikdir. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində 40-dan artıq müxtəlif dünya ölkələrini təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda distribyutor tapıb və uğurlu biznes qurub. Bu gün sərgi qida sənayesinin aparıcı yerli və beynəlxalq istehsalçıları, distribyutorları və ixracatçılarının unikal görüş yerinə çevrilib. “WorldFood Azerbaijan 2019” sərgisində 19 ölkədən 189 şirkət iştirak edir. Sərgi iştirakçıları arasında Azərbaycan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka tədbirdə milli stendlərlə çıxış edir. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqortostan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyası eyni anda iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim ediləcək. Ənənəvi olaraq, "Made in Azerbaijan" brendi altında sərgidə geniş çeşiddə qida məhsulları, ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları, həmçinin metal konstruksiyalar təqdim olunur. Sərginin sektorları arasında: “WorldFood” - qida sənayesi, “WorldDrink” - içkilər, “WorldFoodTech” texnologiyalar sektorları yer alır. Bu sektorlarda Azərbaycanın və bir sıra xarici ölkələrin təmsilçiləri qənnadı məmulatları, ət və süd məmulatları, şirələr, çay məhsulları, qəhvə, eləcə də meyvə-tərəvəzlər üçün avadanlıqlar, metal konstruksiyalar, markalama avadanlıqları və s. kimi məhsul və xidmətlərin geniş çeşidini təqdim edəcəklər. Sevindirici haldır ki, sərgidə debüt edən şirkətlər tədbir iştirakçılarının 40%-ni təşkil edir. Sərgiyə dəstək verən strukturlar da tədbirdə fəal iştirak edir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm sərgi salonunda, həm də açıq platformada fəal çıxış edir. Sərgidə həmçinin Ailə Biznesinə Dəstək Mərkəzi (ABAD) də iştirak edir. 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər. Mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulmuş stenddə sahibkarlıq subyektləri tərəfindən meyvə quruları, süd və süd məhsulları, bal, milli sağlam qidalar, meyvə suları, bitki çayları, müxtəlif yağlar, sosial sahibkarlıq layihəsi olan şokolad və s. məhsullar, eləcə də bu sahədə xidmətlər təqdim ediləcəkdir. Qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində sahibkarlar arasında əməkdaşlığın qurulmasına və genişləndirilməsinə dəstək göstərir. Sərgi öz yubileyini geniş işgüzar və əyləncə proqramı ilə qarşılayır. Belə ki, 11 may tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında keçirilmiş badam və nar ağaclarının təntənəli əkilməsi mərasimində sərginin daimi iştirakçıları artıq bir-biriləri ilə görüşüblər. Badam ağacı qədim vaxtlardan təmizlik, çiçəklənmə və məhsuldarlıq simvolu hesab edilir. Nar Azərbaycanın ayrılmaz atributu, həyat və təbiətin canlanmasının simvolu, eləcə də sərginin yeni brendinin tərkib hissəsini təşkil edir. Əkində 30-dan artıq şirkət iştirak edib. Həmçinin “WorldFood Azerbaijan” sərgisi çərçivəsində Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi “Ipack Caspian 2019” sərgisinin ekspozisiyası təqdim edilir. Azərbaycan, Türkiyə, Xorvatiya və digər ölkələri təmsil edən iştirakçılar hazır qablaşdırma və etiketləri, qablaşdırma və markalama avadanlıqlarını, taraları, qablaşdırma məhsullarını istehsal etmək üçün material, xammal və avadanlıqları təqdim edir. CASPIAN AGRO 2019 Bu il “Caspian Agro” sərgisi öz tarixinin ən genişmiqyaslı tədbirini keçirir. Sərgi dünyanın 26 ölkəsini təmsil edən 240 şirkət nümayəndələrini bir araya gətirib. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplar ilə iştirak edir. Sərgidə ənənəvi iştirakçılar ilə yanaşı, debüt edən ölkə - Mərakeş də yer alır. Sərgidə debüt edən şirkətlərin sayı tədbir iştirakçılarının 40%-ni təşkil edir. “Caspian Agro” sərgisinin qeydiyyat sponsoru “Prior Leasing” şirkətidir. İştirakçılar aşağıdakı bölmələrdən ibarət olan, regionda ən böyük ekspozisiyanı təqdim edir: suvarma sistemləri, istixanalar üçün avadanlıqlar, parniklər, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvan yemləri, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin becərilməsi və s. Kənd təsərrüfatı məhsulları və avadanlıqlarının geniş çeşidi, suvarma və sulama sistemləri, istixanalar və yerli istehsalçıların digər məhsulları "Made in Azerbaijan" brendi altında sərgidə təqdim olunur. (Tam siyahı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz: https://caspianagro.az/az-content/54.html). Uzun illər ərzində sərgiyə dəstək vermiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgi çərçivəsində ilk dəfə olaraq 3-cü sərgi zalında, eləcə də açıq platformada innovativ stend ilə iştirak edir. Stenddə ölkənin kənd təsərrüfatı sahəsindəki ən son nailiyyətlər, eləcə də ən son sənaye yenilikləri nümayiş etdiriləcək. Həmçinin stenddə nazirlik tərəfindən dəstəklənən perspektivli “startaplar” geniş təqdim olunacaq. Bu təşəbbüs çərçivəsində tələbələr və gənc mütəxəssislər öz innovativ layihələrini sənayenin aparıcı iştirakçılarına nümayiş etdirmək, dəyərli təcrübə və dəstək almaq imkanı əldə edəcəklər. Beləliklə, “Сaspian Agro 2019” sərgisi növbəti dəfə kənd təsərrüfatı kompleksinin bütün mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distrbyutorları və Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəs üçün görüş yerinə çevriləcək. HOREX CAUCASUS 2019 Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi “HOREX Caucasus” sərgisi ilk dəfə olaraq yuxarıda qeyd edilmiş sərgilər ilə eyni platformada keçirilir. Sərginin bu formatı səmərəli əməkdaşlığa yeni təkan verəcək və eksponentlərin qarşısında yeni imkanlar açacaqdır. Sərgidə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən iştirakçılar ilə distribyutor və istehsalçılar arasında qarşılıqlı faydalı sövdələşmələrin imzalanması üçün görüşlər keçiriləcək, habelə mehmanxana, restoran və super-marketlər üçün peşəkar soyuducu avadanlıqlar, mətbəx avadanlıqları, hava təmizləyici sistemlər, mebellər, qablar, turizm üçün mallar (odluqlar, manqallar, qazanlar, şişlər, hisə vermə sobaları), çörəkxana və, qənnadı avadanlıqları nümayiş olunacaq. ƏLAVƏ TƏDBİRLƏR VƏ İŞGÜZAR PROQRAM Sərgi çərçivəsində təşkilatçılar tərəfindən zəngin işgüzar proqram hazırlanıb. Belə ki, sərginin keçiriləcəyi günlər ərzində müxtəlif treninq, seminar və işgüzar görüşlər təşkil ediləcək. Azərbaycanda ilk dəfə olaraq Turizmə Dəstək və Milli Qastronomiya Təşkilatı və chefs.az internet resursunun təşkilati dəstəyi ilə “Chefs Cup” Aşpazlar Çempionatı keçiriləcək. Təşkilatçılar ümid edirlər ki, sözügedən tədbir Azərbaycanda qastronomik turizmin inkişafına töhfə verəcək. Müsabiqədə iştirak müxtəlif kulinariya sahələrini təmsil edən komandaların öz yüksək peşəkarlıq, istedad və beynəlxalq standartlara cavab vermək istəyini nümayiş etdirməsinə imkan yaradacaq. YENİLİKLƏR VİTRİNİ  Sərginin 20-dən çox iştirakçısı hələ bazara daxil olmamış eksklüziv məhsullarını foyedə yerləşən “Yeni məhsullar vitrinində nümayiş etdirəcək. Sərgi qonaqları bazarın innovativ məhsulları ilə ilk tanış olanlar sırasında yer almaq, yeni biznes imkanlarını araşdırmaq, potensial müştərilər tapmaq və biznes təcrübəsini bölüşmək baxımından unikal imkan əldə edəcəklər. Hər vitrində məhsul barədə ətraflı məlumat yerləşdiriləcək, stendin nömrəsi isə sərgidə istehsalçı şirkəti necə tapmaq lazım olduğunu göstərəcək. “B2B” FORMATLI GÖRÜŞLƏR Sərginin ilk 2 günü xarici və yerli istehsalçı və distribyutorların, eləcə də pərakəndə satış şəbəkəsi nümayəndələrinin iştirakı ilə gələcək əməkdaşlıq və tərəfdaşlıq yollarını üzbəüz müzakirə etmək üçün ənənəvi “B2B” formatlı görüşlər keçiriləcək. Tədbir çərçivəsində artıq 200-dən çox görüş planlaşdırılıb. Bu görüşlər bütün mövcud işgüzar əlaqələrin gücləndirilməsi, eləcə də biznesin inkişafı üçün yeni imkanlar axtarışı baxımından əla fürsətdir. FERMERLƏR ÜÇÜN TUR Hər il təşkilatçılar regionları təmsil edən fermerlər üçün sərgi boyu turlar təşkil edir və onlar burada yüksək keyfiyyətli məhsul istehsalının ayrılmaz tərkib hissəsi olan sektorun ən son məhsulları ilə tanış olurlar. Bu il Azərbaycanın müxtəlif regionlarından cəlb olunmuş fermerlərin sayı artıb. Həmçinin sərgi çərçivəsində ilk dəfə olaraq “Uğurlu biznesin keyfiyyətli məhsulu” mövzusunda treninq seansının keçirilməsi də planlaşdırılır və burada sessiya iştirakçıları onları maraqlandıran suallar ilə mütəxəssislərə müraciət edə və öz təcrübələrini həmkarları ilə paylaşa bilərlər. “WorldFood Azerbaijan” sərgisində “Rusiya İxrac Mərkəzi” SC və “Caspian Event Organisers” şirkəti tərəfindən “Russian Gastro Week” – “RGW Azərbaycan” tədbirlər silsiləsi çərçivəsində təşkil olunan Rusiyanın işgüzar missiyası keçirilir. Missiyanın gedişində bazarın monitorinqi və Rusiya məhsullarının Azərbaycana idxalı mövzusunda dəyirmi masa təşkil olunacaq, alıcı-topdan satış şirkətləri ilə görüşlər keçiriləcəkdir. İşgüzar missiyaya Rusiyanın qida məhsulları istehsalçıları və yerli sahibkarlar arasında keçirilən “B2B” formatlı görüşlər də daxildir. Onların arasında distribyutorlar, ticarət şəbəkələrinin nümayəndələri, habelə qida məhsulları bazarının və qonaqpərvərlik sahəsinin peşəkar iştirakçıları yer alır. Bu il sərgi çərçivəsində 17 may tarixində “JW Marriott Absheron Baku” mehmanxanasında İkinci Bakı Beynəlxalq “Qida təhlükəsizliyi” konfransı keçiriləcək. Konfrans Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil edilib. Konfransda “Codex Alimentarius standartları: Yerli qanunvericilik və beynəlxalq harmonizasiya”, “Risklərə əsaslanan idxal qaydaları”, “HACPP sisteminin tətbiqi  və qida təhlükisizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri”, “Qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi” kimi mövzular müzakirə ediləcək. Sərginin keçirildiyi ilk gün - 15 may tarixi Beynəlxalq Ailə Gününə təsadüf edir. Bu hadisə təntənəli açılış mərasiminin gedişində öz əksini tapacaq. Burada rifahı təmin edən ailə bağlarının gücünü simvolizə edən maraqlı rəqs nümayiş olunacaq. Beləliklə, sərgilər növbəti dəfə qida və əlaqədar sahən mütəxəssislərinin görüş yerinə çevriləcək və biznesin inkişaf etdirilməsi, eləcə də satış coğrafiyasının genişləndirilməsi, habelə köhnə dostların bir araya gəlməsi üçün münasib platforma funksiyasını yerinə yetirəcəkdir. 2019-cu ildə sərginin tərəfdaşları arasında Greenwich Travel Club şirkəti (rəsmi turoperator), eləcə də “Qafqaz Hotels and Resorts” “Boulevard Hotel” və «Intourist Hotel Baku» mehmanxanaları (rəsmi otellər) yer alır. “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsi.