Ana südü körpə üçün ən ideal qidadır. Zərurət yarandığı təqdirdə körpələrə konservləşdirilmiş uşaq qidaları da vermək olar.
Bu qidaları uşaqlara verməzdən öncə bəzi məqamlara diqqət etmək lazımdır. Belə ki uşaq qidası özündə bütün zəruri qidalandırıcı maddələri, mikroelementləri və vitaminləri cəmləşdirməli, tərkibində süni boyalar, nişasta, duz və şəkər olmamalı, ekoloji təmiz məhsuldan hazırlanmalıdır.
Uşaq qidalarının tərkibində kənar iy, dad olmamalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaq qidası alarkən qablaşdırmanın bütövlüyünə, qidanın hansı yaş qrupu üçün nəzərdə tutulduğuna, istehsal və son istifadə tarixinə diqqət etmək vacibdir.