Dekabrın 27-də Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Xaçmaz Regional Sınaq Laboratoriyası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir avadanlıqlarla təmin olunan laboratoriyada gün ərzində 200-dək sınaq aparmaq mümkündür.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev laboratoriyadakı iş şərait ilə yaxından tanış olublar.
Xaçmaz Regional Sınaq Laboratoriyasının xidmətlərindən bütün şimal bölgəsinin fermer və sahibkarları faydalanacaq. Üç şöbədən ibarət laboratoriyada inzibati və laborator baxış otaqları yaradılıb. Burada bitki və bitki mənşəli məhsulların ekspertizası həyata keçirilir.
Nümunə qəbulu, fiziki-kimyəvi müayinələr, fitohelmintologiya, fitopatologiya, entomologiya, herbalogiya şöbələrində zəruri laborator müayinələrin aparılması üçün müasir avadanlıq quraşdırılıb, hər cür şərait yaradılıb. Hazırda laboratoriyaya gündəlik müraciətlərin sayı 50-100 arasında dəyişir.
Qida Təhlükəsizliyi İnstitutunun Xaçmaz Regional Sınaq Laboratoriyası ilə yanaşı, respublikada daha 23 belə mərkəzi fəaliyyət göstərir.